Nizami Gəncəvinin “Sirlər xəzinəsi” Türkiyədə kitab sərgisində

 

 

 

Türkiyə Dəyanət Vəqfi tərəfindən təşkil olunan 38-ci Türkiyə Kitab və Mədəniyyət Sərgisində Azərbaycan kitabları da yer alıb. Mayın 31-dək davam edəcək sərgidə Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində son 3 ildə nəşr olunan 38 adda kitab nümayiş olunur.

Sərgi zamanı, həmçinin layihə üzrə türk dilində nəşri yenicə başa çatdırılan dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” kitabı təqdim edilib. “Zengin Yayıncılık” nəşriyyatının direktoru Sevinc Fırat qonaqlara kitabla bağlı ətraflı məlumat verib, nəşrin Azərbaycan mədəniyyətinin, ədəbiyyatının tanıdılması işinə vacib töhfə olduğunu bildirib.

Qeyd edək ki, cari ilin sonunadək Nizaminin “Xəmsə”yə daxil olan digər 4 poemasının da Türkiyədə nəşrinin tamamlanması və Nizami irsinin tanıdılması, təbliği məqsədilə qardaş ölkədəki təhsil müəssisələrinə, kitabxanalara  paylanılması nəzərdə tutulub.

 

Mədəniyyət.- 2019.- 24 may.- S.2.