“Vətənimə böyük nailiyyətlərlə qayıtmaq istərdim”

 

 

Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kameraorqan musiqisi zalında P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının fortepiano ixtisası üzrə IV kurs tələbəsi, Prezident təqaüdçüsü Nazxanım Dadaşovanın solo konserti (12 aprel) haqqında məlumat vermişdik. Gənc musiqiçi Niyazinin mənzil-muzeyi və Qara Qarayevin ev-muzeyində də konsert proqramları ilə çıxış etdi.

Doğma şəhərdə olduğu müddətdə bizimlə söhbətə də vaxt tapdı, gələcək planları və yaradıcılığındakı yeniliklər barədə danışdı.

- İlk növbədə ölkəmizdə gənc istedadlara göstərdiyi diqqətə görə Prezidentimizə təşəkkürümü bildirirəm. Mən dövlətimizin dəstəyi ilə Rusiyada təhsil alıram. Eyni zamanda Rusiyadakı səfirliyimizin tədbirlərində yaxından iştirak edirəm. Azərbaycanın Əməkdar artisti, opera müğənnisi Elnarə Məmmədova ilə birgə çıxışlarımı da uğurlarımdan hesab edirəm.

 

- Müsabiqələrdə iştiraka necə baxırsınız?

- Etiraf edim ki, hazırda müsabiqələrə o qədər də marağım yoxdur. Bilirsiniz ki, Moskva Konservatoriyasının nəzdindəki Musiqi məktəbində təhsilim müddətində çoxsaylı müsabiqələrin laureatı olmuşam. Bu gün isə məni daha çox festivalsolo konsertlər cəlb edir. Əslində, bütün mükafat və diplomlarım anam üçündür. O, mənim uğurlarıma daha çox sevinir.

 

- Qəbələ Beynəlxalq Musiqi Festivalında bir neçə dəfə iştirak etmisiniz...

- Qəbələ festivalı çox möhtəşəm bir layihədir. Mən böyük qürurla bu festival haqqında Moskvadakı dostlarıma danışıram. Bu festivalın özübir xeyriyyəçilikdir. İnsanlar tam sərbəst gəlib klassik musiqi gecələrindən zövq alırlar. Festivalın hər bir konserti anşlaqla keçir.

 

- Moskva Konservatoriyasında təhsil almaq hər kəsə nəsib olmur...

- Bu mənim üçün böyük fəxrdir. Fortepiano üzrə pedaqoqlarım və digər ixtisas müəllimlərim tanınmış insanlardır. Bu gün klassik musiqi sahəsində canlı əfsanə olan insanlardan dərs almaq, onların təcrübəsini öyrənmək böyük məsuliyyət deməkdir. Burada təhsil çox yüksək səviyyədədir, möhkəm intizam var. Əgər yaxşı musiqiçi olmaq istəyirsənsə, çalış oxu, öyrən, yox, əgər laqeyd yanaşırsansa, onda istedadlının yerini tutma. Get başqa sahədə özünü sına. Qeyri-profil dərslərimiz də o qədər maraqlıdır ki...

 

- Rusiyadakı səfirliyimizin tədbirlərində iştirak etdiyinizi dediniz. Səfirliklə musiqi təhsili alan digər tələbələrin əlaqələri hansı səviyyədədir?

- Moskvada bizə göstərdiyi diqqət və qayğıya görə səfirliyimizin bütün əməkdaşlarına dərin təşəkkürümü bildirirəm. Nəinki musiqi təhsili alan, bütün tələbələrə diqqət göstərirlər. Konservatoriya səfirliyimizin yaxınlığında yerləşdiyi üçün mən oranı özümə balaca Azərbaycan kimi təsvir edirəm. Yaxınlıqda Nizami Gəncəvi və Müslüm Maqomayevin heykəlləri varorada yerləşən parkda rəfiqələrimlə əyləşəndə sanki Azərbaycanın ruhunu hiss edirəm. Yeri gəlmişkən, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) tədbirlərini də xüsusi qeyd etmək istərdim. Bu təşkilat Azərbaycan haqqında oradakı gənc nəsildə təsəvvürlərin yaradılmasına müsbət təsir göstərir. Hazırda məndən əlavə 4 azərbaycanlı tələbə də Moskva Konservatoriyasında təhsil alır. Çox şadam ki, bizim belə gənclərimiz var.

 

- Təhsilinizi davam etdirmək fikriniz varmı?

- Sözsüz ki, gec-tez Azərbaycana qayıdacağam. Amma təkcə konservatoriya təhsilimlə kifayətlənib dönmək istəmirəm. Təhsilimi başa vurandan sonra vətənimə böyük nailiyyətli bir musiqiçi kimi qayıtmaq istərdim. Azərbaycanda musiqi sənətinin inkişafına böyük diqqət var. Bu sahəyə rəhbərlik edən insanlar çox çalışırlar ki, Azərbaycanın musiqi məktəbi daha yüksək səviyyədə olsun. Çox istərdim ki, mən də bu fəaliyyətin bir hissəsi olum. Buna görə də hələ çox öyrənməli və təhsilimi davam etdirməliyəm. İstəməzdim ki, nə vaxtsa klassik musiqi tərbiyəsi almış, konsertə, teatra getməyi zəruri hesab edən yaşlı nəsil üçün konsertlər verməklə işimi bitmiş hesab edim. Elə layihələr etmək istərdim ki, gənclər üçün də maraqlı olsun. Digər bir arzum isə Avropa məktəbinə dərindən yiyələnməkdir. Musiqidə də hər bir məktəbin öz yolu var. Mən bu yolların hər birinə yiyələnmək arzusundayam. Rus, Qərb, Çinyapon məktəbləri müxtəlif  yolları özündə cəm edir. Təbii ki, bütün bunların hamısını öyrənsəm də, mənə yaxın yenə də rus məktəbi olacaqsevimli şəhərimdə - Bakıda öz fəaliyyətimi bu bilgilər üzərində davam etdirmək arzusundayam. Çünki isti, alov, külək, həzinlik, dəniz – bütün bunlar mənim ruhumda və qanımdadır.

 

- Musiqidən başqa hobbiniz varmı?

- Dillərə böyük marağım var. Bir həftəyə fransız dilində normal danışığı öyrənmişdim. İndi də müxtəlif dilləri öyrənməyə çalışıram.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2019.- 24 may.- S.5.