Milli şüurda dönüş və özünüdərkə yol açan ədib

 

 

Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi qeyd olundu

 

Mayın 30-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında XX əsr ədəbiyyatımızın görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının (1919-1995) 100 illik yubileyinə həsr olunmuş gecə keçirildi.

Mərasimdə dövlət rəsmiləri, ədəbiyyat, mədəniyyət, incəsənət və ictimaiyyət nümayəndələri iştirak edirdi.

Qonaqlar əvvəlcə filarmoniyanın foyesində İsmayıl Şıxlının həyat və fəaliyyətini, yaradıcılığını əks etdirən fotokitab sərgisi ilə tanış oldular.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev dövlətimizin mədəniyyət, incəsənət, elm və ədəbiyyat xadimlərinə göstərdiyi diqqət və qayğıdan danışdı. Diqqətə çatdırdı ki, yubiley gecəsi İsmayıl Şıxlının 100 illiyi haqqında Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq təşkil edilib. Vurğulandı ki, ölkə başçısı bu il bir sıra ədiblərimizin yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb və bu, dövlət rəhbərliyinin ədəbiyyata, mədəniyyətə münasibətini əks etdirir.

Vaqif Əliyev İsmayıl Şıxlının zəngin yaradıcılığından söhbət açaraq onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışdı. Qeyd etdi ki, Xalq yazıçısı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır: “Ədibin xüsusilə məşhur “Dəli Kür” romanı ictimaimilli şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilir. İsmayıl Şıxlı yaradıcılığı bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı ilə seçilir”.

Qeyd edildi ki, xalqımızın taleyüklü məsələlərinə daim vətəndaş, ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir. Onun əsərləri milli düşüncəmizin inkişafına töhfə verən bədii nümunələrdir və hər zaman aktuallığını qoruyub saxlayacaq.

Vaqif Əliyev onu da diqqətə çatdırdı ki, Mədəniyyət Nazirliyi tərəfindən İsmayıl Şıxlının biblioqrafiyası çap olunub, onun haqqında elektron məlumat bazası hazırlanıb. Yaxın vaxtlarda ədibin “Ölən dünyam” əsəri rus dilində nəşr olunacaq.

Təhsil naziri Ceyhun Bayramov çıxış edərək İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatı tarixində mövqeyindən, zəngin bədii yaradıcılığından danışdı. Qeyd etdi ki, müəllif əsərlərində Azərbaycan xalqının milli düşüncə tərzini, onun psixologiyasını, dünyagörüşünü əks etdirməyə xüsusi diqqət yetirirdi. Bununla yanaşı, o bir vətəndaş kimi də Azərbaycanın ən çətin günlərində sözünü deməkdən çəkinməyib. 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı əsl vətəndaş, ziyalı mövqeyi nümayiş etdirib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar yaradıcılığa təzə başlayan gənclərin həmişə dayağı olmuş İsmayıl Şıxlını böyük ədib və sözübütöv, mərd, cəsarətli bir insan kimi xarakterizə etdi. Bildirdi ki, İsmayıl Şıxlının təkcə “Dəli Kür” romanı onun XX əsr Azərbaycan ədəbiyyatının klassikləri sırasına düşməsinə kifayət edir. Bununla belə, görkəmli yazıçı bütün əsərlərində canlı obrazlar qalereyası yaradıb, orijinallığı ilə daim seçilib və oxucuların qəlbində özünə əbədi heykəl ucaldıb.

Xalq yazıçıları Çingiz Abdullayev, Elmira Axundova, Xalq şairi Ramiz Rövşən İsmayıl Şıxlı haqqında xatirələrini bölüşdülər. Bildirildi ki, öz təbiiliyi, xarakteri, mərdliyi və özünəməxsusluğu ilə xalq arasında böyük nüfuz qazanan mərhum sənətkar bu gün də əsl vətəndaş, əsl kişi, əsl ziyalı nümunəsi kimi xatırlanır.

Sonra görkəmli yazıçının həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu. Əsərlərindən parçalar oxundu, saz havaları səsləndi.

Sonda yazıçının ailəsi adından oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı çıxış edərək dövlət başçısına, tədbirin təşkilatçılarına və iştirakçılarına İsmayıl Şıxlı yaradıcılığına verilən dəyərə görə təşəkkürünü bildirdi.

 

Fariz HÜSEYNOV

 

Mədəniyyət.- 2019.- 31 may.- S.1-2.