Bizə yahu söylədən Mark...

 

Bu, bir təəssürat yazısı…

 

Mən bilmirəm, yəhudi dilində Eliyahu soyadının son iki hecası ayrılıqda nəsə bir anlam ifadə edir, yaxud elə bu dilin sözyaratma qanunlarına görə soyad bildirən bir sonluq şəkilçisidir?

Amma illərdən bəri Mark Eliyahunu internet üzərindən dinləyə-dinləyə bu fikrə gəlmişəm ki, onun Eliyahu soyadını daşıması bizim Markı dinlədikdən sonrayahu, buecaz!” deməyimiz üçünmüş! Hətta onu da düşünürdüm ki, bu da qismətdəndir: yüzlərlə insan sənətdə özünü realizə etmək, uğur qazanmaq istəyənlər arzuları ilə səsləşən təxəllüs seçmək hayında ikən, Yaradan özü Marka hələ doğulmamışdan qismətinə yazdığı istedada yaraşan soyadı bəxş edib.

Markın ifası kimi adını da adda-budda eşitmişdik. Onun kaman, Azərbaycan muğamı sevdasından da xəbərdar idik. Nəhayət ki, canlı dinləmək şansımız da oldu. Mayın 25-də Heydər Əliyev Sarayında iyirmi il öncə Azərbaycanda kamança təhsili almış Mark Eliyahunun solo konserti oldu.

Kimdir bu Mark? Mark Eliyahu 1982-ci ildə Dağıstanda yəhudi əsilli məşhur musiqiçi, bəstəkar Peres Eliyahunun ailəsində doğulub. 7 yaşında ikən valideynləri ilə İsrailə köçüb. Sonra...

“…On altı yaşım olanda evdən çıxıb özümüöz musiqimi tapmaqdan ötrü  musiqi səyahətinə yollandım. Azərbaycanın milli musiqi aləti kamançanı ilk dəfə eşidəndə anladım ki, axtardığımı tapdım. Bakıya gəldim və iki il Ədalət Vəzirovdan kamança çalmağı öyrəndim”.

Habil Əliyev sənətinin heyranı olan Mark Eliyahu böyük sənətkarla da görüşüb. Markın kamançaya bəslədiyi məhəbbət mərhum Habil Əliyevə necə təsir edibmişsə, o öz kamançalarından birini bu gəncə bağışlayıb.

Aradan ötən iyirmi ildə Mark atası ilə birlikdə yaratdığı qrupla dünya səhnələrini fəth etməkdədir. Elə Bakı konsertində də musiqiçi etiraf etdi ki, ona bu şöhrəti Azərbaycan kamanı qazandırıb. Azərbaycan, türk, İran və ərəb musiqisindən məharətlə bəhrələnən Mark Eliyahu kamança ilə yanaşı, saz da çalır. Öz bəstələrində milli musiqi alətlərinin səslənişini zərb alətləri və elektron musiqi ilə qəribə və çox maraqlı tərzdə qovuşdurmağa nail olmuş ifaçının konserti insanı sonu görünməyən  və dərk edilməyən musiqi qalaktikasına aparır. Mark Eliyahu konsertdə tanınmış, indiyədək müxtəlif disklərdə yer almış kompozisiyaları ilə məxsusi Bakı konserti üçün yazdığı yeni əsərləri də təqdim etdi. Həmin əsərlərdən birinin ifası isə hər kəs üçün xoş sürpriz oldu. Mark səhnəyə tanınmış xanəndə, Əməkdar artist Bəyimxanım Vəliyevanı dəvət etdi. O, bəstəkar-ifaçının Məhəmmədhüseyn Şəhriyarın “Ulduz sayaraq» şeirinə bəstələdiyi «Yadındadır…»  (Do you remember) kompozisiyasını qrupun müşayiəti ilə ifa etdi.

Mark Eliyahunun yalnız musiqinin ən yüksək məqama qaldırıldığı, adi işıq effektlərindən istifadə ilə alaqaranlıq səhnədə cəmi 4 musiqiçinin iştirakı ilə yaratdığı ali sənət atmosferi, Azərbaycan tamaşaçısına onun bütün sivilizasiya tarixini musiqi dili ilə danışan konsertdəki hər kompozisiya diqqətlə dinlənildi, gur alqışlar və kökslərdən qopan heyranlıq nidaları ilə qarşılandı. Ümumi təəssüratı isə yəqin beləcə izhar etmək olar:

Yahu, Mark, bir daha yahu!

 

Gülcahan MİRMƏMMƏD

 

Mədəniyyət.- 2019.- 31 may.- S.1;5.