Ümumxalq söz-gözümüz...

 

 

 

Ümummilli özünüifadəçilərimiz olan Azərbaycan Radio-televiziya işçiləri gününə

Diqqət: 9 dəqiqə 3 saniyə sürən “Karvansimfonik muğamı fonunda:

Bir əsrə yaxındır “Danışır və göstərir Bakı!” deyən əziz elektron-media həmkarlarımız, Gününüz mübarək!

93 ildir dayanıb-durmadan “Danışır Bakı!”, 63 ildir “Göstərir Bakı!” sədalılar, sizə salamlar və alqışlar!

 

Düz 33950 gündür (814800 saat, 48888000 saniyədir) “Danışır Bakı!”, 63 ildir “Göstərir Bakı!” sədaları ilə xalqımızdan, ölkəmizdən, dünyamızdan danışıb-göstərənlər! Lütfən, beş-on dəqiqə də, milyonlarla dinləyici-tamaşaçılarınızdan biri olan məni dinləyib-izləyin. Bilirəm, siz bircə dəqiqə də susa bilməzsiz (bu, heç cür mümkün olan deyil!), amma sizin bəlli “spesifika”larınız da var axı. Onlardan biribudur ki, lazımi məqamlarda (məsələn, hər hansı proqram gecikdiriləndə, nəzərdə tutulduğu vaxtdan tez bitəndə və s.) fasilələri neytral musiqi parçaları ilə yola verməkdir. İndi bir dinləyici-seyrçiniz olaraq yuxarıda təklif etdiyim musiqi parçası (sənət karvanı) fonunda 5-10 dəqiqə də məni dinləyin:

 

Öncə ümumSÖZçümüz haqda

 

Gününüz bir daha mübarək!

Əslində, bu mübarəkbadlıq bütün xalqımıza aiddir! Çünki sizin salam-kəlamlarınız, “Sabahınız, hər vaxtınız, axşamınız xeyir!” sədalarınız bütün xalqımıza, xariclərdə yaşayan bütün soydaşlarımıza xitabən deyilir. Ən maraqlısı, ən mutlusu isə budur ki, doğma ana dilimizdə səslənən bu kəlmələri deyənlər də özümüzük, eşidənlər də!

Bizim ümummilli dilmancımız olan Azərbaycan Radiomuz!

Sən 1926-cı il noyabrın 6-da “Danışır Bakı!” sözü ilə danışmağa başladın. Bu, tək elə ilk efir sədası demək deyildi, bu həm dünyanın diqqətinə, qulağına bizim ilk dövlət səs-sədamız idi...

Təəssüf ki, “ilk dövlətdedim, “ilk milli dövlətyox. Çünki Sən danışmağa başladığın gündən 6 il öncə bizim milli dövlətimiz, yəni Azərbaycan Xalq Cümhuriyyətimiz devrilmişdi...

Amma hər halda, Sən həmin o yetmiş ildə ümumxalq nitqimiz kimi çağladın. Öz ana dilimizdə danışa-danışa, partiya-hökumət tədbirlərindən bəhs edən verilişlər arasında hərdən klassik ədiblərimizin əsərlərindən bəhs edə-edə ədəbi dilimizi yaşatdın. 22 ildir adını daşıdığım babam (“Cümhuriyyətçi Mahmud”) haqda danışırlar ki, o, 70-ci illərdəAnamın kitabı” (C.Məmmədquluzadə) radio-tamaşasına qulaq asarkən xısın-xısın ağlayırmış... 

Sənin ötən əsrin sonlarında başlanan milli Azadlıq hərəkatındakı fəaliyyətin isə ayrıca bir yazı mövzusudur. Tək elə bunu deyim ki, müstəqilliyimizin bərpası haqda rəsmi məlumat ilk dəfə Sənin dilindən elan olunub!

 

Azərbaycan Televiziyası!

 

Yəni bu xalqınekranadlı ümummilli aynası!...

Hər zaman açıq ayna. Doğma Vətənimizlə bərabər, nəhəng dünyamızın bütün irili-xırdalı aləmlərini, bölük-bölük təbiətlərini, ictimai-siyasi hadisələrini, sosial problemlərini gözlərimiz önündə canlandıran ayna...

Söhbətimin əvvəlində dediyim kimi, sizin hər ikiniz bizim maddi-mənəvi fəxarət rəmzimizsiniz, hörmətli Azərbaycan Radiosu Azərbaycan Televiziyası!

Sizin fonoteka filmotekanızda nələr yoxdur! Sizdə neçə-neçə dahilərimizin səsi, görsəntisi uyuyur, ey bizim ümummilli mənəvi mücrülərimiz! Hansı ki, siz vaxt-bivaxt həmin o ictimai, milli, siyasi babalarımızla biz gənclər, zaman-zaman dəyişən nəsillər arasında canlı səs-nəfəs təması yaradırsınız...

Siz səslənib-aynalandıqca bütün varlığımızla hiss edirik ki, biz varıq, ümumvarıq, biz Azərbaycanlıyıq! Bu ümumxəlqilik fəxarətini ümummilli liderimizin nitqindəki  əzəmətlə eşitmək isə özgə bir aləmdir: “Mən həmişə fəxr etmişəm, bu gün fəxr edirəm ki, mən Azərbaycanlıyam!”

 

Mahmud YAQUB

 

Mədəniyyət.- 2019.- 6 noyabr.- S.6.