Bakı – dünyanın yaradıcı şəhəri

 

 

Paytaxtımız mədəni irsi ilə yanaşı, müasir dizaynı ilə də UNESCO-nun siyahısında

 

2000-ci ildə tarixi hissəsi – İçərişəhəri (Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə) UNESCO-nun Dünya irs siyahısına salınan Bakının adı növbəti dəfə bu təşkilatın mötəbər siyahısında yer alıb. Azərbaycan paytaxtı UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilib. 31 oktyabrDünya Şəhərlər Günü münasibətilə UNESCO 48 ölkədən ümumilikdə 66 şəhəri bu şəbəkəyə əlavə edib.

Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının UNESCO yanındakı Daimi Nümayəndəliyinin səyləri nəticəsində Bakı şəhəri şəbəkənin “dizayn” tematikası üzrə siyahıya salınıb.

UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” öz inkişafını yaradıcılıq üzərində quran şəhərləri bir araya gətirir. 2004-cü ildən bəri şəbəkə üzvlərinin yaradıcı potensialı yeddi tematika üzrə müəyyən olunur: incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, mediamusiqi. Hazırda şəbəkəyə 246 şəhər daxildir.

Xatırladaq ki, Azərbaycandan ilk olaraq Şəki şəhəri “sənət və sənətkarlıq” tematikası üzrə 2017-ci ildən şəbəkənin üzvü olub. Bakının da şəbəkəyə qoşulması mədəni irsimizin, şəhər mədəniyyətimizin, paytaxtla bərabər  Azərbaycanın müasir inkişafının və ölkəmizdəki yeniləşmənin beynəlxalq səviyyədə təsdiq və təqdir olunmasıdır.

Oktyabrın 31-də bu əlamətdar hadisə ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Milli Xalça Muzeyində brifinq keçirildi.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov çıxış edərək bildirdi ki, bu əlamətdar hadisə ilə əlaqədar gün ərzində çoxsaylı media nümayəndələrinin müraciəti nəzərə alınaraq belə bir görüş təşkil olunub. Media mənsublarının suallarını Mədəniyyət Nazirliyinin Aparat  rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə və şöbənin Beynəlxalq əlaqələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov cavablandıracaq.

Vasif Eyvazzadə diqqətə çatdırdı ki, Bakı şəhərinin UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə qoşulması ölkəmiz üçün tarixi hadisədir. Hazırda dünya üzrə  246 şəhərin yer aldığı şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru hesab edir. UNESCO-nun “yaradıcı şəhərlər”i mədəniyyəti inkişaf strategiyalarının əsas qayəsi kimi götürərək ən yaxşı təcrübələrini bölüşürlər.

Qeyd olundu ki, 2017-ci ildə Şəki şəhərinin şəbəkəyə üzv olmasından sonra  Bakının bu siyahıya daxil edilməsi bizə imkan verəcək ki, digər şəhərlərimizi də bu sahəyə cəlb edək. Xüsusilə vurğulamaq yerinə düşər ki, burada əsas nüanslardan biri də şəhərsalmada inklüziv inkişaf amilidir.

Diqqətə çatdırıldı ki, şəhərlərin bu siyahıya salınmasında “3 T” prinsipi əsas götürülür: “Bu prinsipə görə, talant, texnologiya və tolerantlıq əsas şərtdir. Siyahıya salınan şəhərlərin qarşısına müəyyən öhdəliklər qoyulur. Həmin tələblər nəzərə alınaraq yol xəritəsi hazırlanmalı və onun əsasında müəyyən işlər görülməlidir. Bu, Bakıda və regionlarımızda yaradıcı sənayenin inkişaf etdirilməsinə, eləcə də innovativ layihələrin həyata keçirilməsində bizə kömək edəcək. Burada əsas məqsəd inklüziv şəhərsalmanın şərtlərinə əməl etməkdir. Hesab edirik ki, bu sahədə görülən işlərdə mərkəzi icra hakimiyyəti orqanları da xüsusi rol oynayacaq. Bu tarixi hadisə münasibətilə brendləşdirmə istiqamətində xüsusi aparılacaq. Bu da ölkəmizə turist axınının artmasına ciddi təsir göstərəcək. Hazırda Bakı şəhərinin Baş Planı hazırlanır. Biz gələcəkdə Bakıda kreativ mərkəzin formalaşdırılmasına çalışacağıq. Bu layihələr paytaxtımızın yaradıcı şəhər kimi statusunun möhkəmlənməsinə təsir göstərəcək”.

Vasif Eyvazzadə qeyd etdi ki, bu gün Yaradıcı və Mədəniyyət Sənayeləri (YMS) dünya iqtisadiyyatında dinamik inkişaf edən sektorlardan biridir. YMS iqtisadiyyat, mədəniyyət, yaradıcı texnologiya sahələrini birləşdirən sənaye növüdür. Bakının UNESCO şəbəkəsinə dizayn tematikası üzrə qoşulması bu sahənin də inkişafına təkan verəcək. Bu, eyni zamanda şəhərdə keçirilən çoxsaylı tədbirlər, qədim memarlıqla müasir memarlıq arasında harmoniyanın yaradılması ilə bağlıdır. Ölkə rəhbərliyinin bütün bu proseslərə dəstək göstərməsi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə məxsusi töhfələri sözügedən prosesə öz müsbət təsirini göstərib.

Şöbə müdiri ölkəmizdə mədəniyyətin inkişafı, dünyada təbliği və təşviqi istiqamətində çoxsaylı işlərin görüldüyünü diqqətə çatdırdı: “Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Bakının son illər mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, dünya ictimaiyyətinin diqqətinin Azərbaycana yönəlməsi – bütün bunlar şəhərimizin brendləşməsinə zəmin yaradan amillərdəndir. Yaradıcı şəhər statusu bir şəhərə daimi verilir, o şərtlə ki, şəhər bu statusu qoruya bilsin. Burada əsas faktor insan zəkasıdır. Bu amil həm beynəlxalq təcrübələrin əldə edilməsi, həm də bu platformada öz sözümüzü demək imkanı yaradacaq”.

Qeyd olundu ki, bu şəbəkəyə daxil olmanın xüsusi hüquqi normaları və proqramı mövcuddur. Bu proqrama tək şəhərin fiziki inkişafı deyil, həm də iqtisadi durumu, innovasiyatexnologiyalara meyilliliyi, keçirilən beynəlxalq tədbirlərin əhəmiyyəti, turistlərin şəhərə gəlmək imkanları və s. amillər daxildir. Hər üç ildən bir “Yaradıcı şəhərlərin qlobal forumukeçirilir. Forumda bu istiqamətdə həyata keçirilən yeniliklərlə bağlı məlumat təqdim edilir.

Brifinqdə o da bildirildi ki, Azərbaycan Respublikası ilə UNESCO arasında əməkdaşlıq əlaqələri uğurla davam etdirilir. Növbəti illərdə bu əməkdaşlıq çərçivəsində digər şəhərlərimizin də bu şəbəkədə təmsil olunması ilə bağlı addımlar nəzərdə tutulub.

Sonra media nümayəndələrinin sualları cavablandırıldı.

Sonda İnformasiya ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov bu əlamətdar hadisəyə həssas münasibətlərinə görə media təmsilçilərinə təşəkkürünü bildirdi.

 

LALƏ

 

Mədəniyyət.- 2019.- 1 noyabr.- S.1-2.