Xalq rəssamının qrafika sərgisi və kitabının təqdimatı

 

 

 

“Azərkitab” Kitab Mərkəzində Xalq rəssamı Arif Hüseynovun İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuşKitab qrafikası” adlı fərdi sərgisi açılıb. Oktyabrın 30-da sərgi ilə bərabər rəssamın “Qrafika” kitabı da təqdim olundu.

“Azərkitab”ın kitab qrafikası qalereyasının bədii rəhbəri Arif Hüseynov çıxış edərək bildirdi ki, layihənin əsas məqsədi gənc rəssamlar arasında kitab qrafikası sənətinə maraq oyatmaqdır: “Fikrimcə, yalnız hər bir mətnin mahiyyətinə, müəllifin sənət qayəsinə dərindən nüfuz etməklə oxucuya onun oxuduqlarını duymaqda yardımçı ola biləcək illüstrasiyalar təqdim etmək mümkündür. Yaradıcılığımın ilk mərhələsində Rəsul Rzaya, orta yaşlarımda Mirzə Ələkbər Sabirə, indi isə İmadəddin Nəsimiyə müraciət edirəm”.

“Azərkitab” Kitab Mərkəzinin layihə rəhbəri Sabir Həsənov qeyd etdi ki, sərgi kitab qrafikası qalereyasında təşkil edilən sayca 3-cü tədbirdir: Bundan öncə XX əsr Azərbaycan kitab qrafikasının inkişafına böyük töhfələr vermiş Xalq rəssamı Əzim Əzimzadənin “Hophopnamə” ünvanlı satirik rəsmlərinin və ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitab nişanlarının beynəlxalq sərgisinin burada nümayişi ictimaiyyət və kitabsevərlər tərəfindən rəğbətlə qarşılanıb. Arif Hüseynovun fərdi sərgisinin də yaddaqalan olacağına inanıram”.

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev bildirdi ki, tələbəlik illərindən məşhur “Göyərçin” jurnalı ilə əməkdaşlığa başlayan və hazırda onun baş rəssamı vəzifəsində çalışan Arif Hüseynov ədəbiyyata sıx bağlı sənətkarlarımızdandır. Rəssamın ötən əsrin 70-ci illərində Rəsul Rzanın “Vaxt var ikən” kitabına çəkdiyi illüstrasiyalardan başlanan, Nəsiminin poeziyasına və Afaq Məsudun hekayələrinə çəkdiyi illüstrasiyalar onu qrafika ustası kimi məşhurlaşdırıb. Bu uğurun başlıca səbəbi onun bədii tərtibat verdiyi kitablara özünəməxsus yaradıcı münasibət göstərməsi, ədəbi mətnin – müəllif fikirlərinin alt qatına enməklə cəlbediciliyini və düşündürücülüyünü təmin etməsidir.

Tədbirdə Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, Əməkdar incəsənət xadimi İlham Rəhimli, Xalq artisti İlham Namiq Kamal, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Xalq yazıçısı Natiq Rəsulzadə çıxış edərək Arif Hüseynovu sərgi münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzuladılar.

Sonda sənətkarın Nəsimiyə həsr edilmiş eklibris (kitab nişanı) və rəsm əsərlərinin yer aldığı sərgiyə baxış oldu.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2019.- 1 noyabr.- S.2.