Xalq və bəstəkar mahnılarının ifasında dilimizə münasibət

 

 

 

Azərbaycan Milli Konservatoriyasında “Xalq və bəstəkar mahnılarının ifasında Azərbaycan dilinin saflığının qorunması” layihəsinin yekun konfransı keçirildi.

Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant yardımı, “Azadlıq Hərəkatçıları” İctimai Birliyi və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə gerçəkləşib.

Konservatoriyanın elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova çıxış edərək dedi ki, xalq və bəstəkar mahnılarının ifasında Azərbaycan dilinin saflığının qorunması aktual məsələdir: “Təəssüf ki, son zamanlar efir məkanında dilimiz çox bəsit şəkildə təqdim olunur. Prezident İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixində sərəncam imzalayıb. Bizöz növbəmizdə çalışmalıyıq ki, dilimizin saflığının qayğısına qalaq”.

Milli Məclisinin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd etdi ki, Azərbaycan dili dünyanın ən qədim dillərindən biridir  dilimizi qorumaq hər birimizin borcudur. İfaçılarımız da oxuduqları mahnılarda dilimizin saflığına diqqət yetirməlidir.

“Azadlıq Hərəkatçıları” İB-nin sədri Təhmasib Novruzov layihə haqqında danışdı. Bildirdi ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu ilə ərsəyə gətirilən layihənin əsas məqsədi milli ifaçılıqda dilimizlə bağlı yol verilən xətaların qarşısının alınmasıdır.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva və tanınmış diktor, Xalq artisti Eldost Bayram çıxış edərək dilimizin qorunmasının vacibliyini vurğuladılar.

Daha sonra layihə üzrə “Mahnılarımızın dili” adlı videofilm nümayiş olundu.

Tədbirin sonunda layihə üzrə aparılan araşdırmalar nəticəsində öz ifalarında Azərbaycan dilinin tələblərinə əməl etdiyinə görə xalq artistləri Mənsum İbrahimov, Mələkxanım Əyyubova, Gülyanaq Məmmədova, Mübariz Tağıyev və Əməkdar artist Təyyar Bayramova təşəkkürnamə təqdim olundu.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2019.- 1 noyabr.- S. 4.