Üzeyir Hacıbəylinin ev-muzeyində “Yubileylər ili

 

 

Oktyabrın 26-da Üzeyir Hacıbəylinin ev-muzeyində “Yubileylər ili” adlı tədbir keçirilib. Tədbirdə paytaxtdakı R.Behbudov adına 2 saylı Musiqi məktəbinin kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə muzeyin Ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri Gülnarə Ələsgərova açıb. O, 2019-cu ilin musiqi sənəti tariximizdə iz qoymuş bəstəkarların – Asəf Zeynallı (1909-1932), Ərtoğrul Cavid (1919-1943), Soltan Hacıbəyov (1919-1974) və İsmayıl Hacıbəyovun (1949-2006) yubiley ili olduğunu diqqətə çatdırıb, həmin bəstəkarların yaradıcılığından bəhs edib.

Sonra R.Behbudov adına 2 saylı Musiqi məktəbinin nəzəriyyə müəllimi Aygün İsgəndərova Soltan və İsmayıl Hacıbəyovların yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

İştirakçılar Soltan Hacıbəyovun “Prelüdünü dinləyiblər.

Tədbirdə iştirak edən Hüseyn Cavidin ev-muzeyinin Ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva dünyadan erkən köçmüş bəstəkar Ərtoğrul Cavidin yaradıcılığı haqqında danışıb. Ardınca Ərtoğrul Cavidin “Səninlə olaydım” adlı əsəri səslənib.

Çıxışlardan sonra 2 saylı Musiqi məktəbi kollektivinin Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı alqışlarla qarşılanıb.

Sonda tədbir iştirakçıları Üzeyir Hacıbəylinin ev-muzeyinin ekspozisiya zalları ilə tanış olublar.

 

Mədəniyyət.- 2019.- 1 noyabr.- S.5.