Oxuyaraq öyrənir, sevərək anlayırıq...

   

 

 

Tale bizi həyat yolunda müxtəlif insanlarla görüşdürür. Onların bir qismi bizləri sanki daş kimiyonub cilalayır”. Bəzən “onlarla” illərlə birlikdə olur, bəzən günlərlə, bəzən də yetər ki, qısa zaman kəsiyində görüşəsən. Bu mənada insanlar da kitablar kimidir. Bir qismini oxuduqca oxuyursan, açmasını illər keçdikcə anlayırsan, bir qismini də vərəqləyib bir kənara qoyursan, o heç səninki də olmur...

***

“...Aradığın şey o kitablar deyil, aradığını oxuyaraq bilməzsən. Səndə əskik olanı gözlərinlə tamamlayammazsan. Aradığın şeyi ürəyinlə biləcəksən. Dünyadakı bütün kitablar, hesablar, ağıl oyunları, səhifələrcə yalanlar sevginin yerini tutmaz. Oxuyaraq öyrənəcəksən, amma sevərək anlayacaqsan” – Şəms Təbrizi.

***

Hələ tələbəykən salamlaşaraq dərslərində iştirak etmək arzusunda olduğum müəllimlərdən – Ülviyyə İmanova barədə tələbə yoldaşlarım olduqca maraqla keçən dərslərdən sonra söhbət açardı... Və kənardan onu müşahidə edərdim. Yaranan ilk təəssüratım – incə zövqə malik olması və işıqsaçan  təbəssümüydü...

Dərs dediyi kafedraya işləməyə gəldiyim zaman... Müəllim kimi işləyərkən əslində yenidən bir başqa pillədə “tələbə” olursan... Onu bir qədər yaxından müşahidə edir və özünəməxsus davranış tərzində bir istilik görürdüm. Musiqi tarixi kafedrasının müdiri olarkən də bu istilik və doğmalıq impulsları yaradıcı ab-havanı tənzimləyirdi. Kafedrada keçirilən iclaslar, müzakirələrdə, müxtəlif mövzularla bağlı söhbətlərində dəlillərə istinad edərək tədqiq olunan mövzunun mahiyyətinə varması və məntiqli nəticələri onun dərin və hərtərəfli biliyə malik bir mütəxəssis kimi gənc nəsil müəllimlər üçün bir örnəkdir. Başqa bir tərəfdən tədqiqatçıların müstəqil fikiryürütmə və məntiqli nəticələr çıxarmalarına xüsusi önəm verərək onları araşdırılan işin perspektivini görməyə yönəldir. 

Mütaliə etməyi və oxuduqlarıyla paylaşmağı sevən Ülviyyə xanımın gözəl hekayətçi istedadını, dinləyicisini ovsunlamaq qabiliyyətini kafedramızın yerləşdiyi xudmani otaqda müşahidə etmişəm. Bu söhbətlər zamanı o, sevimli müəllimlərini xatırlayır, o dövrün ab-havasını yaradan böyük şəxsiyyətlərlə bağlı maraqlı hadisələrdən tez-tez söhbət açaraq bəzən kövrəlir də... Tələbəlik illərindən Qara Qarayev musiqisinə olan sevgisini, bəstəkarın yaradıcılıq yolunda açdığı cığırların davamını onun tələbələrinin əsərlərində izləməsini (İ.Abezqauzun rəhbərliyi altında “XX əsrin klassisizmiQara Qarayevevin musiqisimövzusunda yazdığı dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir) gənc nəslin nümayəndələrilə birlikdə üzərində işlədiyi diplom-buraxılış, magistrdissertasiya işlərinin adlarından görmək olur. A.Əlizadənin V simfoniyası, “Babək” baleti, X.Mirzəzadənin “Metomarfozları”, “Solo sonataları”, “Dəniz neftçiləri” süitası, “Mirzənin söylədikləri”, R.Həsənovanın fortepiano əsərləri, D.Şostakoviçin XIV simfoniyası, G.Kançelinin  Dixi” əsəri” – araşdırılan mövzulardan ancaq bir qismidir. Aparılan tədqiqatların şaxələnməsi təbiidir. Ülviyyə xanım uzun illər sevə-sevə xarici ölkələrin musiqi tarixindən mühazirələr deyərək tələbələrini bu sahədə də araşdırmalar aparmağa yönəldir.

Tədqiqatçı alim kimi o, maarifçilik işi ilə də məşğul olurbundan böyük zövq alır. Bunu aparıcısı olduğum Azərbaycan klassik musiqisinin təbliğinə həsr olunanMusiqi xəzinəsi” silsilə verilişlərində (Azərbaycan Televiziyası) məmnuniyyətlə dəvətimi qəbul edib mütəmadi olaraq iştirak edən və ona xas hərarətlə Azərbaycan bəstəkarlarının, ifaçılarının yaradıcılığı barədə olduqca maraqlı faktlardan söhbət açarkən şahidi olurdum. Ülviyyə xanım bu işini “Açıq dərs”lər şəklində, həmçinin Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının saytında tələbələr üçün apardığı onlayn mühazirələrində davam edir, qloballaşan dünyada musiqi tarixində baş verən proseslər, müxtəlif təmayüllər, fərqli mövqe və baxışlardan söhbət açır və dinləyicilərini sanki dialoqa çağırır...

Ülviyyə xanımın sırf yaradıcılıqla bağlı söhbətlərini bir başqa mühitdə, yaradıcı atmosferdə böyük pedaqoq, mərhum bəstəkarımız maestro Xəyyam Mirzəzadənin dəvətilə onun evində olarkən eşitmişdim. O anlar lent kimi gözümün önündən keçir... Ailəlikcə onun duz-çörəkli süfrəsinin qonağı olardıq. Olduqca maraqlı söhbətləri zamanı insanlara, hadisələrə doğru-dürüst dəyər verməsini, prinsipial mövqedən yanaşmasını, daha nələri-nələri dinləmək... Bütün bunlar bizim üçün “çatışmayan” mənəvi qida ehtiyaclarından biri idi...  Söhbətlərdən birində Ülviyyə xanımın peşəkarlığından danışaraq ona böyük dəyər vermişdi. “Araşdırdığı işin mahiyyətini düzgün duyur. Onunla yaradıcı söhbət etmək olduqca maraqlıdır. Bu mənada insan həmsöhbətini tapanda özü üçün bir dünya kəşf edir”, – deyərdi...  Bu söhbətləri sonra Ülviyyə xanım da tez-tez xatırlayırdı...  

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar müəllim Ülviyyə xanımla bağlı bu kiçik yazıda öz işini sevən peşəkar musiqişünas, tədqiqatçı alim, maarifçi, gözəl pedaqoq və ailəsinə bağlı gözəl ananın həyat səhifələrindən bir qismini vərəqlədikcə ona həyatda ən böyük nemət olan cansağlığı arzulayıram!

 

Xatirə HƏSƏNZADƏ

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2019.- 1 noyabr.- S.6.