Bəstəkarlar İttifaqının X qurultayı keçirildi

 

 

Xalq artisti Firəngiz Əlizadə növbəti müddətə quruma sədr seçildi

 

Oktyabrın 30-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) X qurultayı keçirildi. Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda gerçəkləşən tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev iştirak edirdi.

Qurultayda qurumun sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin hesabat məruzəsi dinlənildi. Firəngiz Əlizadə son illərdə qazanılan uğurlardan, həyata keçirilmiş layihələrdən, gənc musiqiçilərə göstərilən dövlət qayğısından bəhs etdi. Bildirdi ki, 2013-2019-cu illəri əhatə edən hesabat dövründə bəstəkar və musiqişünaslar öz yaradıcılıqları ilə Azərbaycan musiqi mədəniyyətini inkişaf etdirərək uğurlara imza atıblar. Vurğulandı ki, müasir Azərbaycan musiqi mədəniyyəti zəngin bəstəkarlıq məktəbi üzərində qurulub. Yeni yaradılan əsərlərdə milli bəstəkarlıq məktəbi ənənələrimiz yaşadılır.

Bildirildi ki, Azərbaycanın bəstəkar və musiqişünaslarını öz sıralarında birləşdirən Bəstəkarlar İttifaqı ölkəmizin mədəni həyatında fəal iştirak edir. Yüksək səviyyəli musiqi əsərlərinin yaranmasına hərtərəfli şərait yaradılır və özünün rəngarəng tədbirləri ilə musiqi həyatında daim coşqunluq yaradır.

Qurumun rəhbəri “İpək Yolu” Beynəlxalq Musiqi Festivalından da danışdı. Dedi ki, ittifaqın təsis etdiyigeniş rezonans doğuran beynəlxalq tədbir qədim tarixə və zəngin musiqi ənənələrinə malik Şəki şəhərində bu il 10-cu dəfə böyük uğurla  gerçəkləşib.  Musiqi mədəniyyətimizin problemlərinə toxunan Firəngiz Əlizadə son illərdə irihəcmli əsərlərə az müraciət edildiyini bildirdi. Qeyd olundu ki, bəstəkarlarımız bu sahəyə diqqət ayırmalıdırlar: “Bəstəkarlarımız haqqında internet resurslarında kifayət qədər məlumat yoxdur. Alman, fransız, rus bəstəkarları ilə yanaşı, Azərbaycan bəstəkarları haqqında da internet səhifələrində məlumatlar geniş yer almalıdır”.

***

Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev milli bəstəkarlıq məktəbinin inkişafından, ölkəmizdə mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıdan  danışdı: “Dövlət başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinə göstərdikləri qayğı göz önündədir. Bir çox ölkələrdə sənət adamlarına fəxri adlar, təqaüdlər, mənzillər verilmir. Azərbaycanda isə həm yaradıcılıq ittifaqlarının fəaliyyətinə diqqət var, həm də fərdi şəkildə yaradıcı şəxslərə dəstək göstərilir. Yaranan hər yeni əsər təkcə hansısa bəstəkar üçün deyil, bütövlükdə xalqımız üçün də əhəmiyyətli hadisədir”.

Nazir qeyd etdi ki, Bəstəkarlar İttifaqı ötən dövrdə bəstəkar və musiqişünasların yaradıcılığının formalaşmasında mühüm rol oynayıb. Bu ittifaqa Azərbaycanın görkəmli bəstəkarları rəhbərlik ediblər və hazırda o, ölkəmizin ən nüfuzlu yaradıcılıq təşkilatlarından biridir: “Bu nüfuzu qoruyub saxlamaq və yüksəltmək üçün ittifaq tərəfindən bir sıra layihələr həyata keçirilir. Azərbaycan musiqisini beynəlxalq miqyasda tanıtmaq, onu dünya səhnələrində səsləndirmək və zəngin mədəniyyətimizi təbliğ etmək istiqamətində görülmüş işlər bunu bir daha sübut edir. Beynəlxalq Ağa Xan Fondunun (“Aga Khan Foundation”) bu il musiqi sahəsində təsis etdiyi mükafatın bəstəkarlıq sahəsində ilk laureatının tanınmış bəstəkar və pianoçu, UNESCO-nunSülh artisti” Firəngiz Əlizadə olması hamımızı sevindirib”.

Ölkəmizdə Üzeyir Hacıbəyli, Mstislav Rostopoviç, Qara Qarayev adına, eləcə də başqa nüfuzlu musiqi festivallarının keçirildiyini diqqətə çatdıran nazir bəstəkarlarımızı bu layihələrə daha yaxından qoşulmağa çağırdı. Bildirdi ki, ölkəmizdə mədəni mühitin formalaşdırılmasında bəstəkarlarımız yaxından iştirak etməlidirlər.

Əbülfəs Qarayev eyni zamanda son illər respublikamızda çəkilən ekran əsərlərində bəstəkar musiqilərinin olduqca az yer almasından narahatlığını da ifadə etdi: “Belə davam edərsə, filmlərimizdə, seriallarda texniki musiqidən başqa musiqi dinləməyəcəyik. Bəstəkarlar bu məsələlərə ciddi yanaşmalıdırlar”.

Nazir çıxışının sonunda Bəstəkarlar İttifaqına Azərbaycan musiqisinin növbəti 5-10 il ərazində inkişaf meyarlarını müəyyənləşdirməyi tövsiyə etdi. Bildirdi ki, mövcud problemlərin aradan qaldırılması üçün ittifaqın üzvləri daha çox səy göstərməlidirlər.

***

Qurultayda ABİ-nin Nəzarət-təftiş komissiyasının üzvü Elnarə Dadaşovanın məruzəsi dinlənildi. Məruzələr ətrafında çıxışlar oldu.

Sonra ABİ-nin rəhbər orqanlarına seçkilər keçirildi. 21 nəfərdən ibarət idarə heyəti və 5 nəfərdən ibarət Nəzarət-təftiş komissiyasının tərkibi müəyyənləşdi.

Açıq səsvermə ilə Xalq artisti Firəngiz Əlizadə yekdilliklə yenidən Bəstəkarlar İttifaqının sədri seçildi.

***

Qeyd edək ki, oktyabrın 31-də Azərbaycan Bəstəkarlar İttifaqı İdarə heyətinin iclası keçirilib. ABİ-dən verilən məlumata görə, iclasda bəstəkar, Əməkdar incəsənət xadimi, professor Cəlal Abbasovmusiqişünas, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova yekdilliklə yenidən Bəstəkarlar İttifaqının katibləri seçiliblər. İclas iştirakçıları həmçinin musiqişünas, sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənovanı ABİ-nin məsul katibi seçilməsinə yekdilliklə səs veriblər.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 1 noyabr.- S.1;3.