Ölkəmiz Moskvada müasir incəsənət biennalesində təmsil olunur

 

 

Oktyabrın 29-da VIII Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesi açılıb. Rusiya Dövlət Tretyakov Qalereyasında keçirilən sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Budəfəki biennale “Məkan oriyentasiyası” mövzusuna həsr olunub. Sərgidə 11 ölkədən 34 rəssamın 50-dən çox əsəri nümayiş etdirilir.

Ekspozisiyada Azərbaycan rəssamları Orxan Məmmədovun “Estetikanın saxlanması ideyası” və Leyla Əliyevanın “Əbədiyyət” multimedia instalyasiyaları təqdim olunur.

Orxan Məmmədovun təqdim etdiyi instalyasiyada müxtəlif dövrlərə aid 50-dən çox Azərbaycan xalçasının naxışları toplanıb. Rəssamın süni intellektdən istifadə edərək hazırladığı art-obyektdə naxışlar bir-birini əvəzləyir.

Leyla Əliyevanın rəhbərliyi ilə 20 nəfərdən ibarət yaradıcı kollektivin video-art janrında hazırladığı “Əbədiyyət” əsərində insan cəsarətindən söhbət açılır.

VIII Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesinin  tərəfdaşı dünyanın ən sanballı qrafik əsərlər toplusu olan Avstriyanın Albertina muzeyidir. Sərgidə XX əsrin 11 məşhur rəssamının muzeydə saxlanılan əsərləri ümumi mədəni məkanda nümayiş etdirilir.

Biennalenin əsas layihəsinin kuratoru – Moskvadakı “Federasiya” və “Moskva-Siti” komplekslərinin müəllifi Dmitri Çernyakov bir neçə pavilyonda müxtəlif mövzu və janrları kiçik kapsullarda və evlərdə ümumi dialoqda birləşdirib. Onun sözlərinə görə, bütün bu müxtəlifliyi bir-birilə uzlaşdırmaq heçasan deyil. Bu səbəbdən sərgi “Məkan oriyentasiyası” adlandırılıb.

Biennaledə Rusiya, Avstriya, Bəhreyn, Almaniya, Səudiyyə Ərəbistanı, İtaliya, Almaniya, Çin, Niderland, ABŞ, Fransa rəssamları da iştirak edirlər.

Sərgi yanvarın 22-dək davam edəcək. Sərgi müddətində SSRİ Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov haqqında filmin çəkilişləri aparılacaq. Film klassikmüasir incəsənət arasında əlaqələrdən bəhs edən maarifləndirmə proqramı çərçivəsində nümayiş olunacaq.

 

Mədəniyyət.- 2019.- 1 noyabr.- S.8.