Keşikçidağ” və “Avey” qoruqları beynəlxalq konfransda təmsil olunub

 

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə Ağstafa rayonunda yerləşən “Keşikçidağ” və Qazax rayonunda yerləşən “Avey” tarix-mədəniyyət qoruqları Çin Xalq Respublikasında keçirilən beynəlxalq elmi-praktik konfransda təmsil olunub.

Qoruqların ərazisində yerləşən abidələr - mağaralar, məbədlər, kurqanlar, qala, qədim inanc yeri, mağaraların divar və tavanlarında yağlı boya ilə çəkilmiş dini mövzuda rəsm əsərləri olan freskalar Azərbaycanın hüdudlarını aşaraq beynəlxalq səviyyədə də marağa səbəb olub.

IV Beynəlxalq Mural Forumuna qoruqlar tərəfindən “Qafqaz Albaniyasının qəbir abidələri” adlı elmi məruzə göndərilib. Məruzə təşkilatçılarda böyük maraq oyatdığından forumun gündəliyinə salınıb və qoruq əməkdaşları tədbirə dəvət olunub.

Məruzəçilər konfrans iştirakçılarının suallarına ətraflı cavab veriblər. Həmçinin qoruğa aid olan maddi-mədəniyyət nümunələrinin əks olunduğu slayd təqdim olunub. Diqqətə çatdırılıb ki, tolerant bir ölkə olaraq Azərbaycanda müxtəlif dövrlərdə yaradılan, fərqli dini etiqadlara xidmət edən abidələrə münasibət həmişə müsbət olub. Qoruqlarda maddi mədəniyyət nümunələri zamanla fiziki təsirlərə məruz qalmasına baxmayaraq, tarixi simalarını indiyədək qoruyub saxlayıb. Qeyd olunub ki, mağara-məbədlərin həm müqəddəs yer kimi ziyarət edilməsi, həm də turistlərin cəlb edilməsi tolerantlığın təntənəsi olmaqla yanaşı, bu abidələrin dünyaya tanıdılmasında da əhəmiyyətli rol oynayar.

 

Mədəniyyət.- 2019.- 6 noyabr.- S.4.