“Mədəni irsimizin səsi”

 

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən istehsal edilən “Mədəni irsimizin səsi” sosial filminin təqdimatı keçirilib. Film Qarabağ müharibəsi zamanı Füzuli rayonunda dağıdılmış, uçurulmuş, məhv edilmiş tarixi-mədəni abidələrimizdən bəhs edir.

Filmdə rayon ərazisindəki XIII əsrə aid Babı türbəsi, Əhmədalılar türbəsi, Böyük Bəhmənli kənd məscidi, Aşağı Əbdürrəhmanlı kənd məzarlığı və qədim kəhriz haqqında məlumatlar yer alıb.

Qarabağ müharibəsi dövründə bir neçə ay erməni hərbi birləşmələrinin işğalı altında qalan kəndlərdəki tarixi-mədəni abidələrin dağıdıldığını bildirən BAMF prezidenti Umud Mirzəyev bunun dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyini bildirib.

O, film haqda ingilis, rus, türk, ərəb dillərində məlumatların yayımlanacağını vurğulayıb. Abidələrin Mədəniyyət Nazirliyi tərəfindən qismən bərpa olunduğu və hazırda əsaslı təmirə ehtiyacı olduğunu qeyd edib.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov işğal altında qalan tarixi-mədəni abidələrimizin Ermənistan tərəfindən saxtalaşdırılaraq dünyaya təqdim edildiyinibu cür filmlərin erməni saxtakarlığının qarşısını almaq baxımından əhəmiyyətli olduğunu bildirib. O, filmin ərsəyə gəlməsinə dəstək göstərdiyi üçün Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli təkcə Füzuli rayonunda deyil, bütün Qarabağda törədilən vandalizm aktlarının dünyaya çatdırılması üçün belə filmlərin mətbuat və sosial şəbəkələr vasitəsilə yayılmasının vacibliyini qeyd edib.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı  Elnarə Quliyeva nazirliyin ölkəmizin tarixi-mədəni keçmişi ilə bağlı layihələrə dəstək olduğunu, belə filmlərin gənclərin maarifləndirilməsi baxımından zəruriliyini diqqətə çatdırıb.

İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, təhsil işçisi, şəhid Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova, özbəkistanlı alim-tədqiqatçı Şuhrat Barlas və digər çıxış edənlər filmin tarixi yaddaşın yaşadılması baxımdan əhəmiyyətindən bəhs ediblər.

Qeyd edək ki, filmdə Qarabağın işğal olunmuş ərazilərində 1510 mədəniyyət müəssisəsi, 12 muzey, 6 rəsm qalereyasının qarət edilməsi, məbəd və məscidlərin erməni təcavüzünün qurbanına çevrilməsinə dair məlumatlar yer alıb.

 

Mədəniyyət.- 2019.- 6 noyabr.- S.1;4.