Radioteleviziya işçilərinin peşə bayramı qeyd olunub

 

 

6 noyabr Azərbaycanda radioteleviziya işçilərinin peşə bayramıdır. 1926-cı ilin həmin günündə Bakıda radiostansiya fəaliyyətə başlayıb və efirdə “Danışır Bakı!” sözləri səslənib. 1956-cı ildə milli informasiya məkanına Azərbaycan Televiziyası da qoşulub.

“Azərbaycan TeleviziyaRadio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti radioteleviziya işçilərinin peşə bayramı günü münasibətilə noyabrın 4-də Akademik OperaBalet Teatrında tədbir təşkil edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov əlamətdar gün münasibətilə teleradio işçilərini təbrik edib. Prezidentin köməkçisi teleradio fəaliyyətinin Azərbaycan mədəniyyətinin güzgüsü olduğunu bildirib. Qeyd edib ki, teleradio Azərbaycan mədəniyyətinin və incəsənətinin formalaşmasında mühüm rol oynayıb.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin teleradionun fəaliyyətinə böyük önəm verdiyini vurğulayan Əli Həsənov deyib ki, Azərbaycanda teleradio mühüm yol keçib, xüsusilə də müstəqillik illərində bu sahə xeyli inkişaf edib. Bu gün Azərbaycanda kifayət qədər müstəqil teleradio şirkəti də fəaliyyət göstərir. Teleradio fəaliyyəti ilə məşğul olan insanlar Azərbaycan dövlətinin milli, tarixi, mədəni salnaməsini yaradırlar.

Milli TeleviziyaRadio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli çıxışında deyib ki, bu gün Azərbaycanın teleradio palitrası olduqca zəngindir.

Azərbaycanda radionun yaranmasından 93, televiziyanın yaranmasından isə 63 il keçir. Müstəqillik illərində Azərbaycanda özəl televiziya kanalları yarandı, həmçinin kabel, internet, peyk, mobil yayım növləri fəaliyyətə başladı. Eyni zamanda Azərbaycanda ixtisaslaşmış telekanallar meydana gəldi. Mədəniyyət, idman, xəbər kanalları yarandı və bu, teleradio sahəsində çox ciddi bir uğurdur.

Tədbir bədii hissə ilə davam edib.

 

Mədəniyyət.- 2019.- 6 noyabr.- S.3.