Slovakiya Filarmoniyasında Azərbaycan musiqisi

 

 

Bratislava şəhərində Avropanın məşhur kollektivlərindən olan Slovakiya Filarmonik Orkestrinin Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin idarəsi ilə konserti keçirilib.

Slovakiya Filarmoniyasının böyük zalında gerçəkləşən konsert görkəmli Azərbaycan bəstəkarı Soltan Hacıbəyovun “Karvansimfonik lövhələrinin səslənməsi ilə əlamətdar olub.

Əsərin Slovakiyada ilk dəfə ifası bu il 100 illiyi qeyd edilən Soltan Hacıbəyovun yubileyinə gözəl bir töhfəyə çevrilib. Dinləyicilər azərbaycanlı bəstəkarın əsərini böyük rəğbətlə qarşılayıblar.

“Karvan”ın uğurlu ifasından sonra dirijor əsərin partiturasını Slovakiya Filarmoniyasının kitabxanasına hədiyyə edib.

Qeyd edək ki, dirijor Əyyub Quliyevin konserti 71-ci mövsümünü qeyd edən Slovakiya Filarmoniyasının “Tanınmış silsilələr” abonementində xüsusi yer alıb. Proqramda Azərbaycan musiqisi ilə bərabər, rus musiqi mədəniyyətinin parlaq nümunələri də yer alıb.

 

Mədəniyyət.- 2019.- 6 noyabr.- S.8.