Qarabağ Azərbaycandır!”

 

 

Gənc rəssamların Dövlət Bayrağı Gününə sənət töhfəsi

 

“Azərkitab” Kitab Mərkəzində 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı sərgi-tədbir keçirildi. Noyabrın 6-da gerçəkləşən tədbir Daxili İşlər Nazirliyi, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Rəssamlar İttifaqı, Yazıçılar Birliyibir sıra QHT-lərin dəstəyi ilə ərsəyə gəlmişdi.

Sərgi haqqında tədbirin təşkilatçısı, rəssam Aygün İsgəndərova məlumat verdi: “Layihənin təşkilində əsas məqsəd gənc nəslə vətənpərvərlik hisslərini aşılamaqdır. Milli Qəhrəmanlarımızın, şəhidlərimizin rəsmlərinin hazırlanması bir qrup gənc rəssam olaraq çoxdankı arzumuz idi. Gələcəkdə bu layihənin davamı kimi müxtəlif bölgələrdə yerli qurumlarla birgə şəhidlərimizin portretlərini nümayiş etdirməyi düşünürük”.

Layihənin ideya müəllifi, “Qürur” Şəhid Ailələri İctimai Birliyinin icraçı direktoru Azər Hacıbəyli qeyd etdi ki, tədbirin bu cür adlandırılması təsadüfi deyil: “Biz Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” çağırışına dəstək olmaq üçün qərara gəldik ki, tədbiri belə adlandıraq. Bu gün layihə üzrə 40-a yaxın rəssam tərəfindən hazırlanmış portretlər nümayiş olunacaq. Əsas amalımız Milli Qəhrəmanlarımızın, şəhidlərimizin ruhlarını uca tutmaq və onların vətən, dövlətçilik yolundakı fədakarlıqlarını təbliğ etməkdir”.

Tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan bildirdi ki, Azərbaycan üçün Dağlıq Qarabağ mövzusu necə bir qanayan yaradırsa, Türkiyə üçünböyük bir ağrıdır: “Bizdə bundan fərqli bir düşüncə əsla ola bilməz. Ulu öndər Mustafa Kamal Atatürkün qeyd etdiyi kimi, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Biz hər zaman olduğu kimi, yenə də qardaş Azərbaycanın yanında olacağıq”.

Daxili İşlər Nazirliyinin əməkdaşı, polis polkovnik-leytenantı Əflatun Həsənov, Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin sədri Müşfiq Əliyev, “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin rəhbəri Qalib Əzizov, Milli Qəhrəman Asif Məhərrəmov adına fondun rəhbəri Ədalət Məhərrəmov, Xalq rəssamı Arif Hüseynov və “Azərkitab” Kitab Mərkəzinin layihə rəhbəri Sabir Həsənov çıxış edərək sərginin əhəmiyyətindən danışdılar.

Daha sonra vətənpərvərliyin təbliğatı üzrə səmərəli təşkilatçılığına və yaradıcılıq uğurlarına görə sərgidə iştirak edən rəssamlar Milli Qəhrəman Səfiyar Behbudov adına “Qürur” Şəhid Ailələri İctimai Birliyi tərəfindən diplom və fəxri fərmanla təltif olundular.

Sonda rəssamların 50-yə yaxın əl işinin yer aldığı sərgiyə baxış oldu.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2019.- 8 noyabr.- S.3.