Dünyanın dini liderləri Bakıda toplaşıblar

 

 

 

“Bütün bu tədbirlərin bir məqsədi var – dinlərarası dialoqu möhkəmləndirmək, multikultural dəyərləri təbliğ etmək”

 

Noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammiti işə başlayıb. Sammit Azərbaycan Respublikası Prezidentinin aprelin 11-də imzaladığı  müvafiq sərəncama əsasən keçirilir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sammitin açılış mərasimində iştirak ediblər.

Əvvəlcə birgə foto çəkdirilib.

Sammit müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

Prezident İlham Əliyev mərasimdə nitq söyləyib. Azərbaycanın ikinci dəfə bu mötəbər tədbirə ev sahibliyi etdiyini deyən dövlət başçısı forumun əhəmiyyətini vurğulayıb: “Bu bir daha onu göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında öz önəmli rolunu oynayır və bundan sonra da oynayacaqdır.

Bakıda belə mötəbər tədbirin keçirilməsi, hesab edirəm ki, təbiidir. Çünki Azərbaycanın qədim dinlərarası ənənələri vardır. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”.

Prezident vurğulayıb ki, Azərbaycan dövləti tarixi-dini abidələrimizin qorunması və yeni dini məbədlərin inşası istiqamətində səylərini əsirgəmir. Dinlərarası dialoqun Azərbaycanda qədim tarixi var və müasir Azərbaycan dövləti bu ənənələrə sadiqdir. Beynəlxalq təşkilatlar, eyni zamanda, dünya dini liderləri Azərbaycanın bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirirlər.

Dövlət başçısı daha sonra deyib: “Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur. Ənənəvi dəyərlər bizim üçün ən böyük sərvətdir. Hesab edirəm ki, Bakıda keçirilən Zirvə görüşünün mövzularından biri də məhz bu olacaq. Çünki biz görürük ki, dünyada, dünyanın müxtəlif yerlərində ənənəvi dəyərlərə qarşı kampaniya aparılır, onlar gözdən salınır, bizim üçün yad olan, bizim milli təfəkkürümüzə uyğun olmayan yeni “dəyərlər” aşılanır. Biz özümüzü və xüsusilə gənc nəslimizi bu yad və bəd təsirdən qorumalıyıq. Ona görə, hesab edirəm ki, ənənəvi dəyərlərin, ailə dəyərlərinin təbliğ edilməsi hamımızın işi olmalıdır”.

Prezident qeyd edib ki, multikulturalizm Azərbaycanda həm həyat tərzidir, həm də dövlət siyasətidir. Azərbaycanda bu istiqamətdə bir çox önəmli addımlar atılıb, mötəbər beynəlxalq tədbirlər keçirilib. Tədbirlərin bəziləri ənənəvi xarakter daşıyır. Bakı Humanitar Forumu ənənəvi olaraq keçirilir. Dünya Mədəniyyətlərarası Dialoq Forumu BMT tərəfindən dəstəklənir. BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya dini liderlərinin Zirvə görüşləri – bütün bu tədbirlərin bir məqsədi var – dinlərarası dialoqu möhkəmləndirmək, multikultural dəyərləri təbliğ etmək: “Keçən il “Bakı Prosesi”nin 10 illiyini qeyd etmişik. “Bakı Prosesi” bizim təşəbbüsümüzlə başlanmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT “Bakı Prosesi”ni dinlərarası, mədəniyyətlərarası dialoqun önəmli platforması kimi qəbul edir. 2008-ci ildə Bakıda Avropa Şurasının Mədəniyyət nazirlərinin toplantısı keçirilmişdir və biz qərara gəldik ki, bu toplantıya İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərini dəvət edək və beləliklə, birinci təmas yarandı.

Ondan sonra 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz Avropadan nazirləri dəvət etdik. Azərbaycan nadir ölkələrdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzvdür və biz bu imkandan istifadə edib “Bakı Prosesi”nə start verdik və bu, doğrudan da, nadir əməkdaşlıq formatıdır”.

Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini deyən ölkə başçısı bildirib ki, bu münasibətlərin əsasını ulu öndər Heydər Əliyev qoyub. Eyni zamanda, şeyx həzrətləri bu istiqamətdə çox böyük fədakarlıq və fəaliyyət göstərib. Heydər Əliyevin və şeyx həzrətlərinin dostluğu dövlət-din münasibətlərinin formalaşmasında həlledici rol oynayıb. Prezident diqqətə çatdırıb ki, bu ilin avqustunda imzaladığı sərəncamla Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın ən ali ordeni olan “Heydər Əliyev” ordeni ilə təltif olunub.

Dövlət başçısı çıxışında onu da qeyd edib ki, dinlərarası dialoqdan danışarkən biz təkcə müsbət məqamların qeyd edilməsi ilə kifayətlənməməliyik. Eyni zamanda, münaqişələri din amilinə bağlamaq cəhdlərini də çox ciddi şəkildə pisləməliyik. Bu nümunələrdən biri uzun illər davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın təxminən 20 faizinin, o cümlədən Dağlıq Qarabağ və ətrafda olan 7 rayonun işğal olunduğunu deyən ölkə başçısı diqqətə çatdırıb ki, bu ərazilərdə Azərbaycan xalqına qarşı soyqırımı törədilib. Tarixi abidələrimiz, qəbirlərimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdılıb.

Prezident İlham Əliyev qeyd edib ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib, həmin qətnamələrdə erməni silahlı qüvvələrinin bizim torpaqlarımızdan çıxarılması haqqında açıq-aydın müddəalar var. Münaqişənin həlli üçün yeganə yol Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır.

Vurğulanıb ki, ölkəmiz məruz qaldığı hərbi təcavüzün ağır fəsadlarına rəğmən uğurla inkişaf edir. Əldə olunan nailiyyətlər deməyə əsas verir ki, inkişafımız bundan sonra da uğurlu olacaq, gələcəyimiz parlaq olacaq və uğurlu gələcəyimizin əsas şərti daxili sabitlikdir: “Sabitliyin də təminatçısı Azərbaycan xalqıdır, onun rəyidir, onun bizə verdiyi dəstəkdir. Xalq-iqtidar birliyi Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir və eyni zamanda, dinlərarası münasibətlər də bizim gücümüzü artırır”.

Prezident çıxışının sonunda deyib: “Mən əminəm ki, bu Zirvə görüşünün çox böyük əhəmiyyəti olacaq və Bakıdan səslənən mesajlar lazımi ünvana çatacaq. Hesab edirəm ki, əsas istiqamətlərdən biri dini ayrı-seçkiliyə yol verməmək, ksenofobiya, islamofobiya, antisemitizmə qarşı birgə mübarizə aparmaq, dindən siyasi məqsədlər üçün istifadə etməmək, münaqişələrə dini don geyindirməmək, münaqişə zamanı tarixi-dini abidələri dağıtmamaq və ənənəvi dəyərləri təbliğ etməkdir. Əminəm ki, Zirvə görüşünün nəticələri bu istiqamətdə atılmış növbəti addım olacaqdır”.

***

Sonra Prezident İlham Əliyevin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncamı oxunub. Dövlət başçısı “Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib.

Sonra Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav Kilsəsinin birinci dərəcəli “Müqəddəs Seram Sarovski” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib.

Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini İlyas Umaxanov Prezident Vladimir Putinin Dünya dini liderlərinin II Sammitinə ünvanladığı məktubu oxuyub. Prezident Vladimir Putinin müvafiq sərəncamına əsasən şeyxülislama  Rusiyanın “Fərqlənmə Nişanı” təqdim edilib.

Türkiyə Dəyanət İşləri başqanı Ali Erbaş Prezident Rəcəb Tayyib Ərdoğanın məktubunu oxuyub. Həmçinin Gürcüstan Prezidenti Salome Zurabişvilinin  Gürcüstanın katolikos-patriarxı II İlyanın təbrik məktubları oxunub.

Tədbirdə daha sonra İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkman, Misir Nümayəndələr Palatası sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-Şərif, Özbəkistan Prezidentinin dövlət müşaviri Rüstəm Qosimov, Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlayn, BMT Baş katibinin humanitar məsələlər üzrə xüsusi məsləhətçisi Abdallah əl-Mətuq, Vatikanın Dinlərarası Pontifik Şurasının İslam ilə dialoq departamentinin sədri Xaled Akaşe və digər qonaqlar çıxış ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bir daha sammitin əhəmiyyətini vurğulayaraq tədbirə gələn qonaqlara təşəkkürünü bildirib.

Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən sammitdə 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndəsi iştirak edir.

Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini vermək məramı ilə ev sahibliyi etdiyi Dünya dini liderlərinin II Bakı Sammiti Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı Prosesi”nin, “Multikulturalizm” və “İslam həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin məntiqi davamıdır.

Sammit noyabrın 15-də işini davam etdirəcək və sonda Bakı Bəyannaməsi qəbul olunacaq.

Xatırladaq ki, Bakıda dünya dini liderlərinin ilk sammiti 2010-cu il aprelin 26-da keçirilib.

 

Mədəniyyət.- 2019.- 15 noyabr.- S.1-2.