Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq

 

Beynəlxalq konfransda 10-dan çox ölkədən mütəxəssislərin məruzələri dinləniləcək

 

  Noyabrın 14-də Azərbaycan Milli Xalça Muzeyində “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirildi.

Noyabrın 17-dək davam edəcək konfrans Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi və MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun təşkilatçılığı ilə gerçəkləşir.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova qonaqları salamlayaraq bildirdi ki, beynəlxalq tədbir muzeyin təsisçisi, xalçaçı-alim, Xalq rəssamı Lətif Kərimovun doğum gününə, eyni zamanda Azərbaycan xalça sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin (16 noyabr 2010-cu il) ildönümünə həsr olunub.

Direktor qeyd etdi ki, Türkiyə, Böyük Britaniya, Almaniya, Rusiya, İtaliya, Gürcüstan, Serbiya, Albaniya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Argentina və Tailanddan mütəxəssislərin qatıldığı konfransda 40-dək məruzə dinləniləcək. Məruzələr rəqəmsal dünyada tekstil muzeyləri, tekstil kolleksiyalarında innovativ iş üsulları, layihə menecmenti, kuratorluq işi və təqdimatların keçirilməsi, tekstil muzeylərində konservasiyanın özəllikləri, ziyarətçilərlə iş və digər mövzuları əhatə edəcək.

Mərasimdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev xalça sənəti və ümumiyyətlə, mədəni irsimizə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini bildirdi. Qeyd etdi ki, bu mədəni sərvət tarixən qorunaraq nəsildən-nəslə ötürülüb. Muğam, Novruz bayramı kimi xalça sənəti də mədəni yaddaşımızdır: “Xalq rəssamı Lətif Kərimov xalça sənətinin zənginləşməsi və milli sərvətə çevrilməsi üçün böyük işlər görüb. Bu gün bu ənənə davam etdirilir. Xalça Muzeyinin yaradılması dövlətimiz tərəfindən bu sahəyə böyük diqqət və qayğının nümunəsidir. Muzeyin 50 illik yubileyinə həsr edilən kitab isə xalçaçılıq tariximizi özündə hərtərəfli əks etdirən dəyərli mənbədir. Konfransın işinə uğurlar arzulayıram”.

Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs iki ölkə arasında mədəni əlaqələrdən söz açdı. Konfrans çərçivəsində latviyalı modelyerin moda nümayişini tikmə sənəti və geyim mədəniyyətlərimizin təbliği baxımından mühüm addım kimi dəyərləndirdi.

Açılış mərasimində həmçinin Milli Xalça Muzeyinin 50 illiyi münasibətilə Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitab da təqdim edildi. Tərtibçilər adından Əməkdar incəsənət xadimi Kübra Əliyeva çıxış edərək dedi ki, kitab üzərində sənətşünaslardan ibarət ekspert qrupu çalışıb. Kitabda muzeyin bütün eksponatları haqqında məlumatlar yer alıb.

Çıxışlardan sonra tədbir iştirakçıları latviyalı modelyer Evita Smanuhinanın “Frozen dreams” adlı moda nümayişini izlədilər. Milli Xalça Muzeyi əməkdaşlarının təqdimatında poduimda nümayiş olunan kətan və yun parçadan ibarət geyimlər böyük maraqla qarşılandı.

Tədbirin sonunda qonaqlar Özbəkistana məxsus “İpək hekayətlər” sərgisi ilə də tanış oldular. Sərgidə qədim “ikat” istehsalının bütün mərhələləri təqdim olunur. Ekspozisiyanın əsas hissəsini ənənəvi geyimlər, süzanə, interyer tikmələri, xovlu xalçalar, milli geyim nümunələri təşkil edir. Sərgidə həmçinin Rusiya Etnoqrafik Muzeyindən ipək və pambıq kuklaların kolleksiyası nümayiş olunur.

Kolleksiyanın kuratoru Fatima Arifcanova özbək milli suvenirlərini Milli Xalça Muzeyinə hədiyyə edərək sərginin təşkilinə görə təşəkkürünü bildirdi.

Qeyd edək ki, konfrans günlərində Milli Xalça Muzeyinin əməkdaşları tərəfindən xalçatoxuma texnologiyasına, xalça eskizləri və onların xüsusiyyətlərinə, çətən istehsalına dair ustad dərsləri təşkil olunacaq.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2019.- 15 noyabr.- S. 1; 2.