Muzeylər arasında təcrübə mübadiləsi

 

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş, Ucar, Göyçay və Zərdab rayonlarının Heydər Əliyev mərkəzlərinin, Tarix-Diyarşünaslıq və digər muzeylərin əməkdaşları Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar.

Təcrübə mübadiləsi və tanışlıq məqsədi daşıyan görüşdə Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədov və muzeyin əməkdaşları qonaqlara öz fəaliyyətləri barədə məlumat veriblər.

Muzey müəssisələrində dərnəklərin yaradılması, əhalinin muzeylərə cəlb edilməsi məqsədilə təbliğat işinin düzgün qurulması, digər müəssisə və təşkilatlarla müqavilələrin bağlanması, muzeydə sənədləşmə işlərinin aparılması, əşyaların fondda düzgün qablaşdırılması və saxlanılması, bərpaya ehtiyacı olan əşyaların uçotunun aparılması məsələləri müzakirə olunub.

Muzey əməkdaşları Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzi ilə də tanış olublar.

 

Mədəniyyət.- 2019.- 15 noyabr.- S.2.