“Sərhədsiz muzey

 

 

13 noyabr dünyada “Gözdən əlillər günükimi qeyd edilir. Bu gün fransız xeyriyyəçisi, pedaqoq, korlar üçün ilk əlifbanın müəllifi Valentin Hauyun (1745-1822) doğum günü şərəfinə təsis olunub.

Əlamətdar gün münasibətilə noyabrın 8-də Azərbaycan Milli Xalça Muzeyinin fiziki imkanları məhdud şəxslərə uyğunlaşdırılmış ikinci mərtəbəsinin açılış mərasimi keçirildi.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova tədbiri giriş sözü ilə açaraq layihə haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, görmə qabiliyyəti məhdud olan insanlar üçün muzeyin eksponatları barədə mətnlər Brayl əlifbası ilə təqdim olunur. Həmçinin burada xovluxovsuz texnologiyanın birlikdə tətbiqi ilə üzərində həndəsi və nəbati elementlər, müxtəlif təsvirlər olan kiçikölçülü xalça nümunələri nümayiş etdirilir. Bununla da muzeyin Ənənəvi texnologiya şöbəsinin toxucuları tərəfindən hazırlanan xalça növünün toxunuş müxtəlifliyini görmə qabiliyyəti məhdud insanlar taktil (toxunma) üsulla duya bilirlər.

Mədəniyyət Nazirliyi Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin sektor müdiri Nərgiz Abdullayeva bildirdi ki, fiziki imkanları məhdud insanlar daim dövlətin diqqət mərkəzində saxlanılır. Onların həyat şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülür, müvafiq layihə və proqramlar reallaşdırılır.

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova və Rusiya Dövlət Ermitaj Muzeyinin Qiymətli metalların bərpası laboratoriyasının rəhbəri Malkiel İqor Karloviç çıxış edərək fiziki imkanları məhdud insanlara göstərilən diqqətə görə Milli Xalça Muzeyinə təşəkkür etdilər.

Tədbir çərçivəsində Azərbaycan Milli Xalça Muzeyi və “Gülsam” Əlillərin Reabilitasiyası İctimai Birliyinin təşkilatçılığı ilə xeyriyyə məqsədli sərgi-yarmarka da keçirildi. Yarmarkada birliyin üzvü olan fiziki məhdudiyyətli insanların əl işləri təqdim olundu. Sonda tədbir iştirakçıları Azərbaycan Milli Xalça Muzeyinin ikinci mərtəbəsində fiziki imkanları məhdud şəxslərə uyğunlaşdırılmış şəraitlə tanış oldular.

Xatırladaq ki, bu layihə Milli Xalça Muzeyi tərəfindən fiziki imkanları məhdud şəxslər üçün düşünülmüş ilk addım deyil. 2019-cu ilin əvvəlindən muzeyin birinci mərtəbəsində təqdim edilən eksponatlarla taktil üsulla, həmçinin Azərbaycan və ingilis dillərində xüsusi audio yazı və Brayl şrifti ilə hazırlanan yazılı materiallar vasitəsilə tanış olmaq mümkündür. Bundan əlavə, muzeyin Ənənəvi texnologiyaUşaq şöbələrinin əməkdaşları xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün ustad dərsləri keçirlər.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2019.- 15 noyabr.- S.4.