Onun rənglər dünyası

 

 

Azərbaycan təsviri sənətində öz dəst-xətti olan Adil Əsədli dövrümüzün ən istedadlı rəssamlarındandır. Hər dəfə onun rənglər dünyası ilə üz-üzə duranda bir daha bunu yəqin edirsən. Ürəyinin hisslərini, qəlbindən keçənləri əks etdirdyinə görə yaratdıqları həm mənəvi saflığın təcəssümü kimi görünür. Əsərləri könül dünyamıza müasir həyatın estetik zövqünü gətirməklə həm xalqımızın tarixini, gün-güzəranını göstərir.

Yaradıcılıq palitrası zəngin olan, sənətinin kamillik zirvəsinə qalxan Adil müəllim ömrünün 65-ci ilini tamamladı. Dünyaya göz açdığı, torpağına, daşına ürəkdən bağlandığı Lənkəran şəhərində yaşayıb-yaradır. Fırçası ilə insan qəlbinin incəliyinə nüfuz edən rəssam uşaqlıqdan bu sənətin vurğunudur. Xəzərin coşqun dalğaları isə lap əzəldən Adilin yaradıcılığına güc verib. Böyük maraqla çəkdiyi rəsmləriAzərbaycan pioneri”, “Azərbaycan gəncləriqəzetlərinə, “Pioner”, “Göyərçinjurnallarına göndərib.

Torpaq, vətən sevgisi ilə boy atan, ulu yurdun gözəlliyini uşaq dünyasına gətirən Adil Əsədli Lənkəran şəhərində orta məktəbi bitirir. Hərbi xidmətdən sonra Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə üz tutur. Yaradıcılıq təxəyyülü məcrasına düşdükcə insanı heyran qoyan rəsmlərin sayı da artır. Fırçasını müxtəlif janrlarda uğurla sınayır, əsərlərinin sorağı isə respublika beynəlxalq sərgilərdən gəlir.

Daimi axtarışda olan Adil Əsədli sənətin sirlərinə hərtərəfli, daha mükəmməl yiyələnmək üçün N.Tusi adına Azərbaycan Pedaqoji Universitetində Bədii qrafika fakültəsində təhsil alır. Bu dövrdə oxuyub-öyrənməklə bərabər, duyduğu, yaşadığı, özünün idrak, qəlb süzgəcindən keçirdiyi mövzulara müraciət etməklə rəssamlıq aləmində yeni imzalar qoyur.

1985-ci ildə ali məktəbi başa vurub Lənkərana qayıdır. Şəhərdəki Uşaq rəssamlıq məktəbinə direktor təyin olunur. Adil müəllim ilk gündən böyük həvəslə işə başlayır, gələcəyin istedadlı rəssamlarını yetişdirmək üçün səylə çalışır. Öyrətməklə yanaşı, özü öyrənməkdən zövq alır. Çox keçmir ki, məktəbin yetirmələrinin işləri müxtəlif ölkələrdəTürkiyədə, Özbəkistanda, Yaponiyada, Çexiyada, Misirdə, Polşada sərgilənir, medallara, diplomlara, fəxri fərmanlara layiq görülür. Sənətin ilk sirlərini Adil müəllimdən öyrənənlər indi Azərbaycanın, xarici ölkələrin rəssamlıq məktəblərində, akademiyalarında təhsil alır, yaratdıqları əsərlərlə Azərbaycanın təsviri sənətinə uğur gətirirlər. Adil müəllim bir müddət Lənkəran Dövlət Universitetində tələbələrə dərs deyib. Burada da qoyduğu yadigarlar çoxdur. Vətən, torpaq sevgisi ilə yaşayan rəssamınLənkəran mayakı”, “Xan sarayı”, “Azərbaycan sərkərdələri”, “Babək”, “Ana torpaqkimi əsərləri Tanrının ona verdiyi böyük istedadın sənət təcəssümüdür.

Adil müəllimin Lənkəran Dövlət Universitetində, Lənkəran Dövlət Dram Teatrında, BakıdaV.Səmədova adına sərgi salonunda, “ATV Qalereya”da fərdi sərgiləri açılıb. ABŞ-da avanqard rəssamların sərgisində iştirak edib. 30-dan çox əsəri ABŞ, İngiltərə, Türkiyə, Fransa, Polşa, İran, Rusiya, Ukrayna Gürcüstanda şəxsi kolleksiyaları bəzəyir. 2000-ci ildəQrafika əsərləriadlı kitabı işıq üzü görüb. Qəzet, jurnal, kitab səhifələrində çoxlu əsəri dərc edilib. 20 ilə yaxındırDədə Qorqudmövzusunda əsərlər yaradır.Azərbaycan xalça sənəti”, “Azərbaycan dekorativ-tətbiqi sənətində mifik obrazlar”, “XV-XVI əsrlərdə Azərbaycan milli geyimləri s. elmi-publisistik məqalələri həmkarları arasında marağa səbəb olub. Bu gün dövri mətbuatda imzası görünür.

Mən deyərdim ki, rəssamlıq Adil müəllimdə ilahi bir vergidir. Sənətinə hədsiz maraqla yanaşır. Sehrli fırçasında ilahi qüdrətinin paklığı var. Odur ki, çəkib ərsəyə gətirdiyi əsərləri təbiətin yaratdığı kimi canlı, təbii alınır, insan uzun müddət onların cazibəsindən çıxa bilmir. Rəssam əsərlərində qadın gözəlliyini, saflığını özgə bir zövqlə tərənnüm edir.İki bacı”, “Qadın armud ilə”, “Lənkəran qızları limon bağında”, “Qız ceyran ilə”, “Aşıq Pəriəsərlərində sanki qadını ilahi bir varlığa çevirir.

Söz sərrafı, ağsaqqal-ziyalı, şair Məsudi Dövran Adil müəllimə bir şeir qoşub. Elə həmin şeirin bir bəndi ilə yazımı tamamlayıram:

Kökü Savalanın çeşməsini içib,

Tanrı qismətilə bir sənət seçib.

Həyatın özünü olduğu kimi,

Görüb-götürənin gözüdür Adil.

 

Zəfər ORUCOĞLU

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Mədəniyyət.- 2019.- 15 noyabr.- S.7.