Almatıda Azərbaycan mədəniyyəti və ənənələri günü

   

 

Qazaxıstanın Almatı şəhərində Azərbaycan mədəniyyəti və ənənələri günü keçirilib.

Almatının Dostluq evində keçirilən “Xalqın birliyi ölkənin gücüdür” adlı tədbirdə Qazaxıstanın Xalq Assambleyası katibliyinin sədr müavini Janseit Tuymebayev, “Azərbaycanlılar Assosiasiyası” Respublika İctimai Birliyinin sədri Əbülfəz Xamedov, Azərbaycanın Almatı şəhərindəki nümayəndəliyinin konsulu Ramil Rzayev, şəhər məclisinin (Maslixat) deputatları iştirak ediblər.

Tədbir çərçivəsində dəyirmi masa, dekorativ-tətbiqi sənət sərgisi, “Kitab xalqın ruhunu tanımağın açarıdır” adlı sərgi, yaradıcı kollektivlərin konserti, həmçinin “Dostluq dastarxanı” adlı milli mətbəx nümayişi keçirilib.

Janseit Tuymebayev tədbirdə çıxış edərək bildirib ki, Qazaxıstanda yaşayan azərbaycanlılar bu ölkənin inkişafına mühüm töhfələr veriblər. Onların arasında Qazaxıstanın iqtisadi, mədəni və siyasi inkişafına töhfə verən sahibkarlar, mühəndislər, elm, təhsil, mədəniyyət və idman xadimlərini görmək olar.

Diqqətə çatdırılıb ki, Qazaxıstanda 130 min etnik azərbaycanlı yaşayır. Onların əksəriyyəti ölkənin cənub regionlarında – Türküstan, Almatı, Cambıl vilayətlərində, həmçinin Almatı və Şımkənd şəhərlərində yaşayır. Almatı vilayətində Azərbaycan dilində “Vətən” qəzeti nəşr olunur. “Bahar” rəqs qrupu, milli çalğı alətləri və folklor kollektivləri fəaliyyət göstərir.

 

Mədəniyyət.- 2019.- 15 noyabr.- S.8.