Mirzə Cəlil milli istiqlalımıza şərəflə xidmət edib

 

 

Noyabrın 18-də Milli Kitabxanada görkəmli yazıçı-dramaturq, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirildi.

Konfrans Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutuMilli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşdi.

Tədbirdə həmçinin Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Cəlil Məmmədquluzadə. Biblioqrafiya” kitabı və “Cəlil Məmmədquluzadə - 150” elektron məlumat bazası təqdim olundu.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək konfransın əhəmiyyətindən söz açdı. Bildirdi ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının iftixarı olmaqla bərabər, həm də dünya mədəniyyətinin görkəmli nümayəndəsidir. Onun qələmə aldığı əsərlər xalqımızın oyanışına, tərəqqisinə və maariflənməsinə xidmət edib.

Direktor qeyd etdi ki, konfransa Bolqarıstan, Polşa, Türkiyə və Özbəkistandan dəvət olunmuş Mirzə Cəlil irsinin tədqiqatçıları da qatılıb. Tədbirdə böyük ədibin nəslinin davamçıları – nəticəsi Martin Cavanşirionun oğlu Pşemislav Cavanşiriiştirak edir: “Onların ulu babalarının vətəninə gəlməsi əlamətdar hadisədir. İnanırıq ki, bundan sonra da tez-tez Azərbaycana gələcək və xalqımızın Cəlil Məmmədquluzadə irsinə necə böyük sayğı ilə yanaşdığının şahid olacaqlar”.

Konfransda çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Cəlil Məmmədquluzadənin yaradıcılığından söz açdı, yazıçının yaratdığı “Molla Nəsrəddin” satirik jurnalının cəmiyyətin maariflənməsində böyük rol oynadığını diqqətə çatdırdı. Bildirdi ki, bu jurnalla görkəmli ədib eyniadlı ədəbi məktəbin də əsasını qoyub. O, publisistik fəaliyyəti ilə yanaşı, Azərbaycan ədəbiyyatını özünün şedevr əsərləri ilə zənginləşdirib. Onun dram əsərləri həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirməkdə əvəzolunmaz mənbələrdir.

Vaqif Əliyev Cəlil Məmmədquluzadənin xatirəsini əbədiləşdirmək məqsədilə həm sovet dövründə, həm də müstəqillik illərində bir çox addımlar atıldığını yada saldı. Bildirdi ki, Mirzə Cəlilin yubileyi dəfələrlə qeyd olunub. Onun adına küçə, muzey, teatr, təhsil müəssisəsi fəaliyyət göstərir. Cəlilabad rayonu görkəmli ədibin adını daşıyır: “Bu ilin mart ayında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət xadimləri ilə görüşündə Xalq yazıçısı Anar Bakıda Cəlil Məmmədquluzadəyə heykəl qoyulmasını təklif edib. Hazırda bu istiqamətdə işlər görülür. Hesab edirəm ki, bu konfrans da Cəlil Məmmədquluzadə irsinin öyrənilməsinə böyük töhfə verəcək”.

Vaqif Əliyev Cəlil Məmmədquluzadənin 150 illiyinin ölkəmizdə və onun hüdudlarından kənarda geniş şəkildə qeyd olunduğunu dedi. Bildirdi ki, Mədəniyyət Nazirliyi dövlət başçısının müvafiq sərəncamı əsasında ədibin xatirəsinə həsr olunmuş çoxsaylı tədbirlər keçirib.

Sonra C.Məmmədquluzadənin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olundu.

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək diqqətə çatdırdı ki, bəzən Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir və başqaları haqqında həqiqəti əks etdirməyən fikirlər səsləndirirlər:Guya bu ziyalılarımız Azərbaycan xalqını tənqid ediblər. Onlar bu xalqı ona görə tənqid ediblər ki, xalqımız cəhalətdən qurtulsun. Onu əsarətdə saxlayan buxovları qırsın və inkişaf etməkdə olan xalqlarla bərabər olsunlar”.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında bildirdi ki, Cəlil Məmmədquluzadə xalqımızı bu gün yaşadığımız şəkildə, müstəqil görmək istəyib. O, bu yolda tənqid, təhqir olunsa da, əqidəsindən dönməyib. Onun 1917-ci ildə dərc etdirdiyi məşhur “Azərbaycan” məqaləsi üstündən 100 il keçməsinə baxmayaraq, bu gün də azərbaycançılıq ideologiyasının əsasını təşkil edir. O, sözün əsl mənasında, Azərbaycanın milli istiqlalına şərəflə xidmət edib.

Akademik onu da bildirdi ki, C.Məmmədquluzadə dövrünün ədəbi mühitinə təsir göstərən əsərlərində - hekayə, povest, pyes, felyeton, məqalə və məktublarında Azərbaycan həyatının bütün aktual siyasi-ictimai problemlərini əhatə edib.

Qeyd olundu ki, 1994-cü ildə ədibin 125 illik yubileyinin keçirilməsində, əsərlərinin yenidən nəşr və tədqiqində ümummilli lider Heydər Əliyevin böyük diqqəti və qayğısı ayrıca xatırladılmalıdır. Ulu öndər C.Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni zamanda ümumbəşəri dəyərləri əks etdirən fikirlərin milli ideologiyamızın əsası olduğunu deyirdi.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək görkəmli ədibin Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərindən danışdı. Bildirdi ki, bu il ölkəmizdə türk dünyasının görkəmli şəxsiyyətlərinin yubileyləri qeyd olunur. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bu istiqamətdə həm ölkə daxilində, həm də ölkə xaricində tədbirlər təşkil olunur: “Toplaşdığımız konfrans da bu qəbildəndir. Cəlil Məmmədquluzadənin əsərləri, yaradıcılığı haqqında hər şeydən öncə bir oxucu kimi danışaraq onun istedadını xüsusi qeyd etmək istəyirəm. Düşünürəm ki, onun adını çəkəndə hər birimizin üzündə təbəssüm yaranır. Bu təbəssüm onun felyetonlarını xatırladır. Mənim aləmimdə ədibin “Ölülər” əsəri dünya miqyaslı bir əsərdir. Onun bütün əsərləri insanları cəhalətdən uzaqlaşmağa səsləyir”.

Konfransda müxtəlif ölkələrdən gəlmiş alimlərin məruzələri dinlənildi. TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıcı təşkilat adından C.Məmmədquluzadə nəslinin davamçılarına hədiyyələr təqdim etdi.

Sonra konfrans iştirakçılarına “Cəlil Məmmədquluzadə. Biblioqrafiya” kitabı və “Cəlil Məmmədquluzadə - 150” elektron məlumat bazası haqqında bilgi verildi.

Sonda Cəlil Məmmədquluzadənin Polşada yaşayan nəticəsi Martin Cavanşiri çıxış edərək ulu babasının irsinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. M.Cavanşiri dedi: “İki gündür Azərbaycandayam. Şəhidlər xiyabanında oldum. Fəxri xiyabanda ulu babam C.Məmmədquluzadənin məzarını ziyarət etdim. Biləndə ki, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafında C.Məmmədquluzadənin xidmətləri olub qürur duydum”.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 20 noyabr.- S.3.