Dövlət Ermitajının direktoru ilə görüş

 

 

 

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Sankt-Peterburqa səfəri çərçivəsində noyabrın 17-də Dövlət Ermitajının direktoru Mixail Piotrovski ilə görüşüb.

S.Məmmədəliyeva Dövlət Ermitajında VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun əsas tədbirlərinin yüksək səviyyədə keçirilməsindən məmnunluğunu qeyd edib. Nazir müavini ölkələrimiz arasında mədəni əlaqələrin son zamanlarda dərinləşməsindən söz açaraq bunun iki ölkənin muzeyləri arasında əməkdaşlığa da müsbət təsir edəcəyindən əminliyini ifadə edib.

S.Məmmədəliyeva 2020-ci ildə keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın “qonaq ölkə” fəxri statusunda iştirak edəcəyini vurğulayaraq, növbəti il üçün rəngarəng tədbirlər planının hazırlanması və silsilə tədbirlərin keçirilməsində Dövlət Ermitajı ilə əməkdaşlığın töhfə verəcəyini və xalqlar arasında münasibətlərin daha da yaxınlaşmasına şərait yaradacağını bildirib.

Dövlət Ermitajının direktoru öz növbəsində bu görüşdən məmnunluğunu ifadə edərək ortaq mənəvi dəyərlərə malik Azərbaycan və Rusiya arasında qarşılıqlı mədəni əlaqələrin gücləndiyini vurğulayıb.

M.Piotrovski 2017-ci ildə Bakıda keçirilən IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini deyərək, burada gördüyü qonaqpərvərliyə görə öz təşəkkürünü bildirib. O, ikitərəfli mədəni əlaqələri inkişaf etdirmək niyyətini və Azərbaycanın IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində həyata keçirəcəyi layihələrlə bağlı dəstək verilməsinə hazır olduğunu vurğulayıb.

Görüş IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda ölkəmizə aid tədbirlər planı ətrafında müzakirələrlə davam edib.

Həmin günün sonunda S.Məmmədəliyavanın rəhbərliyi altında nümayəndə heyəti “Şəxsi muzeylər” mövzusuna həsr olunmuş diskussiya panelində iştirak edib. Diskussiya  panelinin əsas spikerləri arasında Suad Qarayeva-Maleki YARAT Müasir İncəsənət Məkanına aid geniş təqdimat keçirib.

 

Mədəniyyət.- 2019.- 20 noyabr.- S.5.