Forumda Azərbaycanın mədəniyyət siyasətindən bəhs edilib

 

 

VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində keçirilən “Mədəniyyət dəyərləri bizim üçün və gələcək üçünmövzusunda panel diskussiyasında Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin sektor müdiri Yaşar Hüseynli spiker qismində iştirak edib.

Sektor müdiri “Azərbaycan Respublikasında mədəni dəyərlərin qorunması” mövzusunda məruzə ilə çıxış edib. Ölkəmizdə həyata keçirilən mədəniyyət siyasətindən bəhs edən məruzəçi mədəni dəyərlərin qorunmasında və gələcək nəsillərə ötürülməsində, o cümlədən mədəni irs, peşəkar incəsənət və mədəni sənayelərin dəstəklənməsində qanunvericilik, inzibati, maliyyələşdirmə, informativ, kadr, infrastruktur və beynəlxalq təminat mexanizmlərinin rolundan söz açıb.

Məruzədə həmçinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində milli və bəşəri mədəniyyət sərvətlərimizin məhv edilməsinə dair faktlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Ölkəmizdə həyata keçirilən mədəniyyət siyasətinin beynəlxalq aləmdə əldə olunan nəticələri barədə də danışan Yaşar Hüseynli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən və beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” haqqında da geniş məlumat verib.

 

Mədəniyyət.- 2019.- 20 noyabr.- S.5.