Hərbdə və mənəviyyatda generallıq

 

 

Azərbaycanın mədəniyyət beşiyi, Qafqazın konservatoriyası sayılan Şuşanın tarixi çox zəngin və qədimdir. Mədəniyyətimizə görkəmli şəxsiyyətlər, sənət inciləri bəxş etmiş bu ulu yurd yerimiz təkcə qala şəhər deyil, həm də ən qədim tariximizi özündə yaşadan milli mədəniyyət mərkəzi, açıq səma altında muzeylər məkanıdır.

Hələ Molla Pənah Vaqifin dövründən başlayaraq, Şuşa ədəbi mərkəz kimi şöhrət tapmışdı. XIX əsrin ortalarında çarizmin müstəmləkə siyasətinə zidd olaraq Azərbaycanda yeni bir mədəni həyat qaynayırdı. Qarabağda, xüsusilə Şuşada elm və ədəbi fəaliyyət artırdı.

Azərbaycan xalqı tarix boyu nəsillərimizə örnək olacaq dahi şəxsiyyətlər yetirmişdir. Azərbaycanı dünyaya tanıtmış belə dahi insanlar içərisində Qarabağda, xüsusən də Şuşada doğulmuşya şuşalı köklərə malik şəxsiyyətlər də çoxdur. Müsəlman Şərqində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi naziri Səməd bəy Sadıq bəy oğlu Mehmandarov (1855-1931) da əslən şuşalı idi. Bu yazıda milli hərb sənətimizin böyük simalarından olan Səməd bəyin ömür yoluna nəzər salacağıq.

Qeyd edək ki, Sadıq bəy Mehmandarov işi ilə əlaqədar olaraq bir müddət Lənkəranda yaşamalı olmuş və Səməd bəy 1855-ci il oktyabrın 16-da bu şəhərdə dünyaya göz açmışdır. O, Bakıda gimnaziyada təhsil almış, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka Artilleriya Məktəbinə daxil olmuşdur.

Sonralar odlu-alovlu yollar keçən, müharibələrdə əsl sərkərdə kimi yetişən Səməd bəy Mehmandarov gənc yaşlarından nəzərəçarpacaq dərəcədə bacarıqlı olması ilə diqqəti cəlb etmişdir. 1875-ci ildə (20 yaşında) podporuçik rütbəsində ikən üçüncü dərəcəli “Müqəddəs Stanislavordeni ilə təltif edilmişdir. Ardıcıl olaraq hərbi rütbələrə yüksələn Səməd bəy Mehmandarova 1904-cü ildə, qırx səkkiz yaşında general-mayor, Rus-Yapon müharibəsində böyük rəşadət göstərdiyinə görə 1908-ci ildə tam artilleriya generalı (general-polkovnik) rütbəsi verilmişdir. O, Port-Artur döyüşlərində dəyanətinə, komandirlik bacarığına görə Şərq cəbhəsinin rəisi təyin edilmişdi.

I Dünya müharibəsi başlanarkən (1914) Varşava ətrafında xidmət edən və vətən sevgisi ilə yaşayan generalın komandir olduğu 21-ci piyada diviziyasının tərkibində 81-ci “Abşeron alayı”, 82-ci “Dağıstan alayı”, 83-cü “Samur alayı” və 84-cü “Şirvan alayı” xidmət göstərmişdir. Diviziya komandiri S.Mehmandarovun fitri istedadı onu Lodz istiqamətində aparılmış döyüşdə alman generalı Makenzonun ordusu üzərində qələbə qazandırmağa müvəffəq etmişdi. 1915-ci ildə o, korpus komandiri təyin edilmiş, 1917-ci ilin əvvəlində Rusiyanın, demək olar ki, bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordeni ilə təltif olunmuşdu.

Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra S.Mehmandarov vətənə qayıdır. 1918-ci il dekabrın 25-də Cümhuriyyətin Hərbi naziri təyin edilir. O, qısa müddət ərzində müstəqil Azərbaycanın 30 minlik ordusunu yaratmağa nail olmuşdur. 1919-cu ilin yazında ingilis hərbi hissələri Azərbaycanda olduğu dövrdə nazir S.Mehmandarov Cümhuriyyət Hökumətinin başçısı Nəsib bəy Yusifbəyliyə göndərdiyi rəsmi məktubda bildirmişdi ki, ingilis hərbi dəstələri Azərbaycanda məskun olduqları yerlərdə talanlar edir, kəşfiyyat işi aparırlar. Bunlara etiraz olaraq şərəfli zabitqürurlu şəxsiyyət olan S.Mehmandarov İngiltərənin I Dünya müharibəsi illərində ona verdiyi ordenləri geri qaytarmağı Azərbaycan hökumətindən xahiş etmişdi.

General sovet hakimiyyəti qurulduqdan sonra Nəriman Nərimanovun şəxsi zəmanəti əsasında hərbi fəaliyyətini davam etdirmiş və Azərbaycanda yaradılmış Hərbi Komandirlər Məktəbində 1921-1928-ci illərdə müəllimlik etmişdir.

 

“Xalqımız şanlı tariximizi bilməlidir”

 

Əfsus ki, tarix boyunca xalqımızın görkəmli şəxslərinə və onların ailələrinə düşmənlərimiz tərəfindən divan tutulmuş, tariximizin və mədəniyyətimizin məhvinə yönəldilmiş məqsədyönlü siyasət aparılmış, arxivlərimiz yandırılmışdır. Minlərlə ziyalı və ictimai xadim təqiblərə məruz qalmışdır. Mehmandarovlar ailəsi də belə qurbanlardan sayılır.

Hərb tariximizin tanınmış tədqiqatçısı Şəmistan Nəzirlinin araşdırmalarında qeyd edildiyi kimi, S.Mehmandarov xalqımıza müraciətlərində milli hərbi xadimlərin tanıdılmasının əhəmiyyətini xüsusi vurğulayırdı: Dünya tarixçilərinin yazdıqları, avropalıların da bizim barədə bizdən çox bildikləri və danışdıqları – yalnız azərbaycanlılardan təşkil olunmuş hərbi qüvvələrimizin rəşadətini və qəhrəmanlıqlardan ibarət şanlı tariximizi xalqımız bilməlidir. Biz daim boyunduruq altında olmamışıq, müxtəlif dövrlərdə istər Asiyaya, istərsə də Avropaya öz tələblərimizi diktə etmişik”. General S.Mehmandarov bu mənada maarifləndirmənin, xalqın savadlanması, köklərinə qayıtmasının vacibliyini, tarixinə və mədəniyyətinə sahib çıxmasını önə çəkmişdir.

S.Mehmandarov təkcə hərb sənətinin bilicisi deyildi. O, həmçinin xalqının təəssübünü çəkən dəyərli vətəndaş olmuşdur. Görkəmli hərbi xadim yaşadığı dövrdə rusların ermənilərə mütəmadi olaraq köməklik göstərdiyini öz yazılarında dəfələrlə vurğulamışdır. 1918-20-ci illərdə ermənilər Şuşa üzərinə dəfələrlə hücum edib onu yandırsalar da, şuşalılar qəhrəmanlıqla müdafiə olunaraq, böyük itkilər hesabına şəhəri mənfur düşmənə təslim etmədilər. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulması Qarabağa dinclik gətirmədi. Yüksək rütbəli sovet rəhbərliyinin himayədarlığı ilə Dağlıq Qarabağda rəhbər vəzifələrə sahib olmuş ermənilər indi öz məkrli siyasətlərinisinfi mübarizəadı altında həyata keçirir, bölgənin azərbaycanlı əhalisinə qarşı, sözün əsl mənasında, soyqırımı deportasiya siyasəti yeridirdilər. Odur ki, general S.Mehmandarov sosial statusundan asılı olmayaraq, gənclərimizin hərb elminə yiyələnməsini daim tövsiyə edirdi.

 

Xalça Muzeyinin Şuşa filialı Səməd bəyin evində yerləşib

 

Qeyd edək ki, Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 19 may 1987-ci il tarixli əmri ilə yaradılmış Azərbaycan Dövlət Xalça Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı məhz S.Mehmandarovun şəhərdəki malikanəsində yerləşirdi. Niyə məhz bu bina seçilmişdi? Çünki bu malikanənin mürəkkəb dağ relyefinə malik Şuşa şəhərinin mərkəzində, turizm üçün əlverişli gözəl tarixi-memarlıq binasında yerləşməsi, sadə landşafta çox münasib infrastruktura malik olması, daxili interyerinin Şərq üslubunda xalça naxışları ilə bəzədilmiş rəsmlərdən ibarət olması uyğun hesab edilmişdi.

Təəssüf ki, muzeyimizin Şuşa filialının ömrü çox qısa oldu. Qarabağın işğalı prosesi başlayan zaman filialın sərəncamında olan əksər xalça eksponatları xilas edilərək BakıyaXalça Muzeyinə təhvil verildi. Ürək ağrıdan odur ki, S.Mehmandarovun malikanəsi işğaldan sonra da, lakin artıq ermənilər tərəfindən eyni məqsədlə istifadə olunur. Bu malikanədə indi nümayiş olunan xalçalar Qarabağda işğal zamanı qəsb edilmiş Azərbaycan xalçalarıdır, amma erməni xalqının mədəni irsi kimi təqdim edilir.

Xalqımız inamını heç zaman itirməyib. Biz işğal altında olan torpaqlarımıza şərəfimizlə, şücaətimizlə tezliklə dönəcəyik. Bu əminlik xalqımızın sevgisindən ilham alan ölkə rəhbərinin apardığı məqsədyönlü siyasətə inamdan irəli gəlir. Şübhə etmirik ki, tezliklə üçrəngli, ay-ulduzlu möhtəşəm Azərbaycan bayrağı Qarabağda dalğalanacaq!

***

Onu da bildirək ki, Azərbaycan Milli Xalça Muzeyində xalqımızın tarixində önəmli yeri olan insanlar, o cümlədən general S.Mehmandarovun əziz xatirəsi tez-tez yad edilir. Bu günlərdə muzeydə generalın anadan olmasının 164-cü ildönümünə həsr edilmiş mühazirə təşkil edilmişdir. Tədbirdə tədqiqatçı-jurnalist Şəmistan NəzirlininAzərbaycanın ilk Hərbi naziriadlı mühazirəsi maraqla dinlənilmişdir.

 

Əlisəfa NURİYEV

Azərbaycan Milli Xalça Muzeyinin əməkdaşı

 

Mədəniyyət.- 2019.- 20 noyabr.- S.1;6.