Güneyli-quzeyli poeziyamızın görkəmli nümayəndəsi

 

 

 

Dərin məzmunlu yaradıcılığı ilə çağdaş ədəbiyyatımızın inkişafında əməyi olan görkəmli sənətkarlarımızdan biriXalq şairi Balaş Azəroğludur. O, milli ruhda dəyərli əsərləri ilə azadlıq düşüncəsinin formalaşmasına töhfələr verib.

Balaş Allahbaxış oğlu Abizadə (Azəroğlu) 11 noyabr 1921-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Valideynləri Cənubi Azərbaycandan - Ərdəbil şəhərindən idi. O, erkən çağlardan yaradıcılığa maraq göstərib. “Dnepr” adlı ilk şeiri 1937-ci ildə mətbuatda işıq üzü görüb.

Balaşın uşaqlıq və gənclik illəri çox çətin bir dövrə təsadüf edir. Ölkədə baş qaldıran repressiya dalğası bu ailədən də yan keçmir. Valideynləri cənublu olduğu üçün 1937-ci ildə onu ata yurduna sürgün edirlər. Burada fars dilində təhsilini davam etdirir. Orta təhsilini başa vurduqdan sonra milli azadlıq hərəkatına qoşulur. İran Xalq Partiyasına daxil olur. Partiyanın şahlıq üsul-idarəsinin əleyhinə təşkil etdiyi mitinqlərdə yaxından iştirak edir. Azadlıq ruhunda şeirlər yazır və özünə “Azəroğlu” təxəllüsünü götürür. Bu dövrdə qələmə aldığı “İnqilab şairiyəm” adlı şeirində deyirdi:

Mən nə şam, nə pərvanə, nə rübab şairiyəm,

Azadlıq carçısı, inqilab şairiyəm.

Balaş Azəroğlu Ərdəbil şəhərində çıxan “Cövdət” qəzetinin redaktoru olur. “Vətən yolunda” qəzeti redaksiyasının keçirdiyi müsabiqədə “Səttarxan” adlı şeiri mükafata layiq görülür.

1945-ci ildə Təbrizdə yeni qurulmuş Milli hökumət tərəfindən Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini təyin edilir. Milli azadlıq hərəkatında fəal iştirakına görə Milli hökumət tərəfindən “21 Azər” medalı ilə təltif olunur. 1946-cı ildə “Firdovsi” medalı ilə mükafatlandırılır. Həmin ilin dekabrında Milli hökumət süqut etdiyindən 1947-ci ildə Bakıya mühacirət etmək  məcburiyyətində qalır. Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini fərqlənmə diplomu ilə başa vurur. O, tələbəlik illərində Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin sədri vəzifəsində də çalışır. Azərbaycan Demokratik Firqəsi Mərkəzi Komitəsinin sədr müavini, həmin təşkilatın orqanı olan “Azərbaycan” qəzetinin məsul redaktoru işləyir.

B.Azəroğlu elmi işlə də məşğul olur, dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alır. 1958-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilir. İctimai işlərlə yanaşı, ədəbi fəaliyyətini də uğurla davam etdirir, elmi tədqiqat və tərcümə kitabları ərsəyə gətirir. “Sinəm Savalan dağıdır”, “Yarpaqlar töküləndə”, “Mübarizə yollarında”, “Səhər şəfəqləri”, “Məcnun söyüd”, “Mənim nəğmələrim”, “Elə oğul istəyir Vətən” və s. şeir kitabları, “Saib Təbrizinin sənət dünyası”, “Məhəmməd Əmani” monoqrafiyaları elmi-ədəbi mühitdə maraqla qarşılanır.

Uzun ayrılıqdan sonra 1996-cı ildə B.Azəroğlu Təbriz şəhərinə gedir. Könlü qubar edir, həsrət yüklü kəlmələr dodaqlarında səslənir:

İnanmırdım, ana Təbriz,

Bir də səni görüm belə;

İllərimi saya-saya,

İstəmirdim öləm belə...

O, səfəri zamanı Səməd Behrənginin məzarını da ziyarət edir. Şairə xitabən deyir:

Təbriz şəhərinə gəldim bu səhər,

Mən səni dostlardan alanda xəbər:

O, bir gülüstanda yatır, - dedilər.

Bu ana torpağın əzizi təki, - Səməd Behrəngi.

B.Azəroğlu bir müddət Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərib, Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin katibi işləyib.

Şairin 40-dan çox kitabda toplanmış şeirlərinin əsas qayəsini vətənə bağlılıq, milli oyanış azadlıq uğrunda mübarizənin tərənnümü təşkil edir. Tərcümə ilə məşğul olan şairin farscadan dilimizə çevirdiyi N.GəncəvininYeddi gözəlpoeması, M.Füzulinin qəzəlləri, M.Şəhriyarın şeirləri geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb.

Yaradıcılığı ictimai fəaliyyəti yüksək qiymətləndirilən ədibXalq şairifəxri adına, müstəqil AzərbaycanınŞöhrətordeninə Prezident təqaüdünə layiq görülüb.

Balaş Azəroğlu 24 aprel 2011-ci ildə, 90 yaşında vəfat edib, Bakıda dəfn olunub.

 

S.FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 20 noyabr.- S.6.