Tarixi həqiqətlər üzə çıxır

 

 

Özbək tarixçi daşnakların Fərqanədən Qarabağadək cinayətlərini ifşa edir

 

Noyabrın 21-də Beynəlxalq Mətbuat Mərkəzində tanınmış özbək tarixçisi, publisist və ictimai xadim Şuhrat Salamovun (Şuhrat Barlas) “Daşnaklar Fərqanədən Qarabağa qədər” adlı kitabının təqdimatı keçirildi. Tədbir “Kaspi” qəzeti tərəfindən təşkil edilmişdi.

Rus dilində nəşr olunan kitab Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin təşəbbüsü, ailəsi 1937-ci ildə Naxçıvandan Qazaxıstan və Özbəkistana sürgün edilmiş Mehdi Məmmədovun maliyyə dəstəyi ilə çap olunub.

Tədbiri Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev açaraq bildirdi ki, kitabda ermənilərin özbəklərə qarşı törətdikləri qətliamlardan bəhs edilir. O, diqqətə çatdırdı ki, Şuhrat Salamov bundan əvvəl nəşr olunanQarabağ: ideyalar müharibəsi” və “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə” kitablarında da erməni daşnaklarının öz himayəçilərinin köməyi ilə hansı vəhşilikləri törətməsindən ətraflı söz açıb. Tarixçi alim Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini hər zaman müdafiə edib.

Tədbirdə kitabın əsasında çəkilmiş “Daşnaklar Fərqanədən Qarabağadək” adlı sənədli film nümayiş olundu. 30 dəqiqəlik filmdə Özbəkistanın görkəmli tarixçilərinin Türküstan hadisələri ilə bağlı çıxışları verilib. Filmdə vaxtilə Türküstanda törədilən soyqırımı ilə yanaşı, 1918-ci ilin mart ayında Bakıda, Qubada və Azərbaycanın digər regionlarında daşnakların törətdiyi qətllər, talanlar, habelə ötən əsrin sonlarında azərbaycanlıların Ermənistandan deportasiyası, Qarabağda başlanan işğalçılıq və etnik təmizləmə siyasəti də aydın göstərilir, ermənilərin Xocalıda törətdikləri soyqırımı haqqında danışılır.

Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva çıxış edərək diqqətə çatdırdı ki, “Daşnaklar: Fərqanədən Qarabağa qədər” kitabı ermənilərin türk xalqlarına qarşı törətdikləri qətliamları hərtərəfli əhatə edib. Kitab oxucuda ermənilərin məkrli xisləti haqda geniş təsəvvür yaradır. Sona Vəliyeva kitabın təqdimatının universitetlərimizdə də keçirilməsini təklif etdi.

Rusiyalı tarixçi-qafqazşünas, politoloq Oleq Kuznetsov çıxış edərək bildirdi ki, kitab ermənilərin TürküstandaQafqazda  törətdikləri cinayətlərin ifşa olunması baxımından böyük əhəmiyyət daşıyır. Çünki ermənilər törətdikləri cinayətləri şərəfsiz adamların əlləri ilə ört-basdır etmək istəyirlər.

Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da  çıxışında kitabın əhəmiyyətindən danışdı. Bildirdi ki, kitabı oxuyan gənc nəsil dostunu-düşmənini yaxşı tanıyacaq. O, Şuhrat Salamova tutduğu haqq yolunda uğurlar arzuladı.

Sonda kitabın müəllifi Şuhrat Salamov çıxış edərək tədbirin təşkilatçı və iştirakçılarına minnətdarlığını  bildirdi: “Uzun müddət idi arzulayırdım ki, ermənilərin törətdikləri qırğınlar haqqında kitab çap etdirim. Bu kitabın ərsəyə gəlməsinə dəstək olan hər kəsə təşəkkür edirəm”.

 

S.FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 22 noyabr.- S.3.