Parisdə səmərəli görüşlər

 

 

UNESCO-ya üzv ölkələrin Mədəniyyət Nazirlərinin I Forumunda iştirak məqsədilə Parisdə səfərdə olan nazir Əbülfəs Qarayev bir sıra görüşlər keçirib. Görüşlərdə mədəniyyət və yaradıcı sənaye sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib, ikitərəfli əlaqələr, qarşılıqlı maraq doğuran layihə və proqramlar barədə fikir mübadiləsi aparılıb. Əbülfəs Qarayev mədəniyyətlərarası dialoq sahəsində qlobal platforma olan “Bakı Prosesi” və onun çərçivəsində Bakıda ənənəvi olaraq keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu barədə də həmsöhbətlərinə məlumat verib.

İsveçrənin Federal müşaviriFederal Daxili İşlər İdarəsinin rəhbəri Alan Berset ilə görüşdə Əbülfəs Qarayev 2018-ci ildə Davos Forumu çərçivəsində keçirilən Mədəniyyət Nazirləri Konfransında iştirakını xatırlayaraq həmin tədbirdə mədəniyyət sahəsinin iqtisadiyyatın əsas istiqamətlərindən biri kimi qəbul olunmasının rezonans doğurduğunu qeyd edib. İsveçrə tərəfindən irəli sürülmüşBaukultur” təşəbbüsünün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən dəstəkləndiyini bildirən Əbülfəs Qarayev hazırda bu istiqamətdə yaradıcı sənayelərin inkişafı ilə bağlı işlərin aparıldığını və Azərbaycanın bu sahədə öndə gedən ölkələrdən olan İsveçrə ilə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

Nazir, həmçinin Azərbaycanla İsveçrə arasında əməkdaşlıq müqaviləsinin imzalanmasının və bu müqavilə əsasında fəaliyyət planının hazırlanmasının zəruri olduğunu vurğulayıb.

Əbülfəs Qarayevin Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət naziri Noura Al-Kaabi ilə görüşündə də iki ölkə arasında əməkdaşlığın daha da inkişafı üçün müqavilə-hüquq bazasının yenilənməsinin və bu məqsədlə əməkdaşlıq müqaviləsi və proqramının hazırlanmasının vacibliyi qeyd olunub.

Koreya Respublikasının Mədəniyyət naziri Park Yanq-Voo ilə görüşdə yaradıcı sənaye sahəsində əməkdaşlıq məsələlərindən söhbət açılıb. Əbülfəs Qarayev Koreya Respublikasının bu sahədə inkişaf etmiş ölkə olduğunu vurğulayaraq müvafiq əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Əbülfəs Qarayev Kolumbiyanın Mədəniyyət naziri Karmen İnes Vasquez Kamaço ilə də görüşüb. Nazir dekabr ayında UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin Kolumbiyada keçiriləcək iclasında Azərbaycanın komitə üzvü kimi iştirak edəcəyini diqqətə çatdırıb. 2013-cü ildə Hökumətlərarası Komitənin iclasının Bakıda keçirildiyini deyən nazir tədbirin təşkilində Kolumbiya tərəfinə uğurlar arzulayıb.

Tunisin Mədəniyyət naziri Məhəmməd Zin əl-Abidin ilə görüşdə isə Əbülfəs Qarayev 17-19 dekabr tarixində “İslam Mədəniyyətinin Paytaxtı – 2019” ili çərçivəsində Tunisdə keçiriləcək Mədəniyyət Nazirlərinin 11-ci İslam Konfransında ölkəmizin nümayəndə heyətinin iştirak edəcəyini bildirib və səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq proqramının razılaşdırılacağını qeyd edib.

Görüşlərin sonunda Əbülfəs Qarayev həmkarlarını 2020-ci ildə Bakıda keçiriləcək VII Bakı Beynəlxalq Humanitar Forumuna dəvət edib.

 

Mədəniyyət.- 2019.- 22 noyabr.- S.3.