Mirzə Cəlilin yubileyinə gələn qonaqlar Türk Mədəniyyəti və İrsi Fondunda

 

Görkəmli yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Bakıya gələn qonaqlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olublar.

Fondun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq qurumun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Fond Prezident İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğız və Türkiyə respublikalarının dövlət başçılarının dəstəyi ilə təsis edilib. Fondun binasının rəsmi açılışı bu ilin oktyabrında Bakıda Türk Şurasının VII Zirvə toplantısı zamanı keçirilib.

G.Əfəndiyeva görüşdə iştirak edən Cəlil Məmmədquluzadənin Polşada yaşayan davamçıları – nəticəsi Martin Cavanşiri və kötücəsi Pşemislav Cavanşiriyə yazıçının həyatından danışıb, ədibin 150 illik yubileyinin Polşada da keçirilməsini təklif edib.

Görüşdə iştirak edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işlərin türk dünyası və xalqlarının irsi üçün böyük əhəmiyyət daşıdığını bildirib. Deyib ki, bu ocaq türk dünyası və onların mədəni tədbirləri üçün gözəl bir məkandır.

TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıcı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna ilk gəlişinin böyük yazıçının xatırlandığı günlərə təsadüf etdiyindən məmnun olduğunu, bu ocaqda türk dünyası mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması üçün böyük işlərin görüləcəyinə inamını ifadə edib.

Cəlil Məmmədquluzadənin povest və hekayələrini özbək dilinə tərcümə edən yazıçı Həmidulla Baltabayev Özbəkistanın bu ildən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv olmasının əhəmiyyətini vurğulayıb.

Bolqarıstan Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun nümayəndəsi İvan Xristov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bolqarıstandakı türk izlərinin öyrənilməsində birlikdə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.

Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri Azərbaycana gəlməsindən məmnunluğunu ifadə edərək deyib: “Bu dəvət mənim üçün gözlənilməz oldu. Ona görə də öz oğlumu da ulu babamızın vətənini görməyə gətirdim. Çox şadam ki, mənim ulu babam Azərbaycan mədəniyyətinə belə böyük töhfələr verib. Ümid edirəm ki, Fondla əməkdaşlığımız gələcəkdə də davam edəcək”.

Sonda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqlara xatirə hədiyyələri təqdim edib. Qonaqlar Fondun kitabxanasına kitablar bağışlayıblar.

 

Mədəniyyət.- 2019.- 22 noyabr.- S.4.