Elçinin yaradıcılığı yeni ədəbiyyatşünaslar üçün məktəbdir”

 

 

Azərbaycan Milli Kitabxanasında Xalq yazıçısı Elçinin yeni işıq üzü görən kitablarının təqdimatı keçirildi. Noyabrın 22-də Mədəniyyət NazirliyiMilli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşən mərasimdə yazıçının “Baş” romanı, “Qırx beş. Seçilmiş hekayələr”, “Daha dərin qatlara. Seçilmiş məqalə və esselər” və “Mənə niyə gülürlər?” kitabları təqdim olundu.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov giriş sözündə ədibin yaradıcılığı haqqında danışdı. Bildirdi ki, yazıçının bədii irsinin janr müxtəlifliyi ümumi yaradıcılıq istedadının çoxşaxəliliyi qədər diqqəti cəlb edir. Elçin çağdaş Azərbaycan ədəbiyyatının ən tanınmış simalarındandır. Onun qəhrəmanları ona görə sevilir ki, real həyatdan götürülmüş obrazlardır. Müəllifin bir çox əsərləri eyni zamanda uğurlu ekran və səhnə həyatı yaşayır.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev diqqətə çatdırdı ki, təqdim edilən kitablardan bir neçəsi yazıçının yubileyi ərəfəsində nazirliyin dəstəyi ilə çap olunub: “Bu kitablar arasında son vaxtlar böyük müzakirəyə səbəb olanBaş” romanının xüsusi yeri var. Son illər yazıçının müraciət etdiyi mövzular cəmiyyətimizin, xalqımızın özünüdərkinə mühüm töhfədir. Düşünürəm ki, sovetlər dövründə, eləcə də müstəqilliyə keçid mərhələsində Azərbaycan xalqının üzləşdiyi problemlərin ədəbi düşüncədə təhlilini vermək çox çətindir.

Bu mürəkkəb mənzərəni gözümüz önündə canlandıran müəlliflərdən biriXalq yazıçısı Elçindir. O, yaşadığı bütün dövrləri nəsr əsərlərində, dramaturgiyasında əks etdirərək gələcək nəsillərə ötürə bilib. Elçin müəllim bu hadisələri yazıçı fantaziyasına uyğun olaraq reallıqla birləşdirərək bizə təqdim edir”.

Əbülfəs Qarayev Elçinin Azərbaycan mədəniyyətinə, elminə də öz töhfəsini verdiyini bildirdi: “Uzun illər ərzində o, yüksək vəzifələrdə çalışsa da, heç zaman yaradıcılıqdan uzaqlaşmayıb. Elçin müəllimin yaradıcılığı bütün dövrlərdə aktual olub, hər zaman da belə olacaq. Bu gün onun əsərləri Azərbaycanla yanaşı, dünyada da tanınır, sevilir. Bu keyfiyyətləri ilə o, gənc yazarlar üçün bir nümunədir”.

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında vurğuladı ki, Elçinin əsərləri tariximizin çətin və ziddiyyətli dövrlərini əks etdirir. Anar yazıçının “Baş” romanını müasir ədəbiyyatımızın nailiyyətlərindən biri kimi dəyərləndirdi. Qeyd etdi ki, üz tutduğu bütün janrlarda uğurlu bədii nümunələr yaradan müəllif bu əsərlərdə dövrün mühüm problemlərini əks etdirib.

Dövlət Tərcümə Mərkəzinin sədri, Xalq yazıçısı Afaq Məsud bildirdi ki, Elçinin hər bir kitabının təqdimatı ədəbi hadisədir. Azərbaycan ədəbiyyatşünaslığında Elçinin tənqidi məqalələrinin xüsusi yeri var. Onun tənqidlərinin mükəmməl səviyyədə alınması peşəkar yazıçılığından irəli gəlir. Bu əsərlər eyni zamanda Azərbaycan mənəviyyatının, təfəkkürünün təkamülünə xidmət edir: “Tərcümə Mərkəzi olaraq Elçinin əsərlərinə böyük maraq göstəririk. Bundan sonra da onun əsərlərinin başqa dillərə çevrilməsi istiqamətində layihələrimiz davam edəcək”.

Sonra yazıçının yaradıcılığına həsr edilmiş qısa film nümayiş olundu.

Akademik Nizami Cəfərov çıxış edərək ədibin yaradıcılığı ilə bağlı fikirlərini bölüşdü. Bildirdi ki, Elçinin yaradıcılığı yeni ədəbiyyatşünaslar üçün açıq məktəbdir. O, həyatı olduğu kimi yazır, Azərbaycan fəlsəfi düşüncəsini olduğu kimi nümayiş etdirir. Bir sənətkar kimi Elçinin başlıca xidməti ədəbiyyatı ideoloji buxovlardan xilas edib onu həyata, insanlara, mənəviyyata yaxınlaşdırmaqdan, ədəbi fikrin adi həyat hadisələri ilə qaynayıb-qarışmasına nail olmaqdan ibarətdir.

Xalq yazıçısı Çingiz Abdullayev, professorlar Qəzənfər Paşayev, Nizami Məmmədov, şair Əjdər Ol, tənqidçi Elnarə Akimova və digər çıxış edənlər Elçini müasir Azərbaycan ədəbiyyatını dünyaya tanıdan müəlliflərdən biri kimi xarakterizə etdilər.

Qeyd olundu ki, Elçin yaradıcılığının rəğbət qazanmasının əsas səbəbi əsərlərindəki təbiilik və səmimiyyətdir. Onun əsərlərinin qəhrəmanları öz mənəvi-əxlaqi keyfiyyətləri, hiss və duyğuları, fikir və arzuları ilə olduqca təbiidirlər.

Çıxışlardan sonra Milli Kitabxana tərəfindən hazırlanmış elektron məlumat bazası təqdim edildi. Məlumat bazasında Elçinin həyat və yaradıcılığı, əsərləri, televiziya tamaşaları, dram əsərləri, əsərlərinə çəkilmiş filmlər, görkəmli şəxsiyyətlərin Elçin haqqında fikirləri, həmçinin yazıçının elmi-publisistik məqalələri yer alıb.

Tədbirin sonunda yazıçı kitablarının ərsəyə gəlməsinə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirdi, fəaliyyətinə olan diqqəti onun şəxsi yaradıcılığına deyil, ədəbi məktəbimizə sevginin ifadəsi kimi dəyərləndirdi.

Sonda tədbir iştirakçıları ədibin yaradıcılığını əks etdirən kitab sərgisi ilə tanış oldular.

 

LALƏ

 

Mədəniyyət.- 2019.- 27 noyabr.- S.4.