MDB ölkələri gənclərinin XIV Delfi Oyunları keçirilib

 

 

23-25 noyabr tarixində Rusiya Federasiyasının Moskva vilayətində MDB ölkələri gənclərinin XIV Delfi Oyunları keçirilib. Budəfəki oyunlar 2 yaş qrupunda (14-18, 19-25 yaş) olmaqla 6 nominasiya (fortepiano, skripka, akademik vokal, milli vokal, estrada və açıq nominasiyalar) üzrə təşkil edilib.

Ölkəmizi bu tədbirdə Prezident təqaüdçüsü, Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli Musiqi məktəbinin şagirdi Elçin Məmmədov (fortepiano), Prezident təqaüdçüsü, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Toğrul Abdullayev (skripka), Azərbaycan Milli Konservatoriyasının tələbəsi Rauf Məmmədzadə (akademik vokal) və Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi Nigar Rəhimova (akademik vokal) təmsil ediblər.

Xalq artisti, Akademik OperaBalet Teatrının solisti Fidan Hacıyeva “akademik vokal” və Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim Hökumə Əliyeva “skripka” nominasiyalarında beynəlxalq münsiflər heyətində yer alıblar.

L. və M.Rostropoviçlər adına məktəbin şagirdi Elçin Məmmədov fortepiano nominasiyasında 3-cü yeri tutub.

XIV Delfi Oyunları çərçivəsində keçirilən “Delfi Oyunlarının 20 illiyi: yekunlar və perspektivlər” adlı beynəlxalq konfransda Mədəniyyət Nazirliyinin Elm və tədqiqatlar sektorunun müdiri, nümayəndə heyətinin rəhbəri Vüqar Baxışov iştirak edib.

Oyunların bağlanışına həsr olunmuş qala-konsert Rusiya Baş nazirinin müavini Olqa Qolodets, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov və Beynəlxalq Delfi Komitəsinin direktoru Vladimir Ponyavin bütün iştirakçıları və qalibləri təbrik ediblər. Konsertdə Nigar Rəhimova Moskva Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Motsartın “Arietta Kerubino” əsərini ifa edib.

 

Mədəniyyət.- 2019.- 27 noyabr.- S.4.