Dövlət Xidmətinin fəaliyyətinə həsr olunmuş müşavirə

 

 

Ölkə başçısının “Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi” haqqında fərmanından irəli gələn məsələlər noyabrın 22-də Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilən müşavirədə müzakirə olunub.

Müşavirədə Mədəniyyət Nazirliyinin, Dövlət Xidmətinin əməkdaşları, nazirliyin tabeliyindəki qoruqların rəhbərləri, abidələrin mühafizəsi üzrə məsul şəxslər iştirak edib.

Tədbirdə çıxış edən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Prezident İlham Əliyev tərəfindən oktyabrın 22-də Dövlət Xidmətinin 5 regional idarəsinin yaradılması haqqında fərman və “Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” sərəncam imzalandığını bildirib. Qeyd edib ki, regional idarələr dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətini gücləndirəcək, idarəetmənin səmərəliliyini təmin edəcək. Fərmana uyğun olaraq ölkə ərazisində olan bütün tarixi-mədəniyyət abidələri üzrə mühafizəçilər yaradılacaq 5 regional idarənin tərkibində fəaliyyət göstərəcəklər.

Tədbirdə çıxış edən Əbülfəs Qarayev son illər Mədəniyyət Nazirliyində aparılan islahatların əhəmiyyətini yüksək qiymətləndirərək deyib ki, struktur islahatlarının reallaşdırılmasında əsas məqsəd ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsidir.

Nazir aparılan islahatlardan sonra Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin səlahiyyətlərinin, eləcə də üzərinə düşən məsuliyyətin daha da artdığını diqqətə çatdırıb: “Prezidentin imzaladığı fərman və sərəncam onu göstərir ki, nazirliyin strukturunda fəaliyyət göstərən Dövlət Xidmətinin həyata keçirdiyi işlər ölkə başçısının diqqət mərkəzindədir. Cənab Prezident xalqımızın mədəni irsinin qorunması, bərpası və təbliğinə böyük önəm verir. Ona görə də biz üzərimizə düşən məsuliyyətli vəzifəni daha yüksək səviyyədə həyata keçirməliyik”.

Əbülfəs Qarayev qeyd edib ki, bizim əsas məqsədimiz ölkə üzrə tarixi-mədəniyyət abidələrinin və qoruqların mühafizəsi, bərpa olunması, təbliği, onların fəaliyyətinin daha da effektiv, müasir tələblər səviyyəsində təşkil edilməsidir. Bura həm ziyarətçilərin qoruqları rahatlıqla ziyarət etmələri üçün müvafiq infrastrukturun yaradılmasından tutmuş, elmi tədqiqatların aparılmasına qədər ən müxtəlif istiqamətlər aiddir. Tarixi abidələrin mühafizəsi, təbliği, qoruqların fəaliyyəti ölkəmizin müasir inkişaf səviyyəsinə uyğun qurulmalıdır. Bu, xidmət səviyyəsinin yüksəldilməsi, eləcə də ödənişli xidmətlərin təşkili kimi məsələləri əhatə edir.

Müşavirənin sonunda Əbülfəs Qarayev tarixi-mədəniyyət abidələrinin mühafizəsi, qoruqların fəaliyyətinin yüksəldilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.

 

Mədəniyyət.- 2019.- 27 noyabr.- S.4.