İmadəddin Nəsiminin fəlsəfəsi və UNESCO dəyərləri

 

 

AMEA-nın Fəlsəfə İnstitutu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birlikdə “İmadəddin Nəsiminin fəlsəfəsi və UNESCO dəyərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirib.

Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Prezident İlham Əliyevin böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ilielan edilməsi haqqında sərəncamlarının əhəmiyyətindən danışıb, respublikamızda və xarici ölkələrdə Nəsimi yaradıcılığına həsr edilmiş tədbirlərin keçirildiyini bildirib. Şairin zəngin yaradıcılığından bəhs edən akademik qeyd edib ki, Nəsimi kamil insanı təkcə real dünyanın yox, geniş mənada kainatın ən uca varlığı kimi vəsf edib.

Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə bildirib ki, hürufilik Nəsimi tərəfindən nəinki Azərbaycanda, eləcə də Şərqdə geniş yayılıb və bunun sayəsində şair Misir, İraq, İranAnadoluda ən tanınmış simalardan birinə çevrilib. O, mütəfəkkir şairin fəlsəfi baxışlarının dünya alimlərinin diqqət mərkəzində olduğunu vurğulayıb.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyanın baş katibi Elnur Sultanov Azərbaycan-UNESCO əlaqələrindən danışıb.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Nəsimi irsi ilə bağlı fikirlərini bildirib.

Mədəniyyət nazirinin müavini, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva çıxışında diqqətə çatdırıb ki, ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin anadan olmasının 600 illik yubileyi UNESCO səviyyəsində qeyd edilib, Bakıda şairin heykəli ucaldılıb, haqqında bədii film çəkilib. 2017-ci ildə Nəsiminin vəfatının 600 illiyinin də UNESCO səviyyəsində qeyd olunduğunu xatırladan S.Məmmədəliyeva böyük şairin ədəbiyyat və fəlsəfi fikir tarixində özünəməxsus yeri olduğunu deyib.

Fransanın Azərbaycandakı səfiri Zakari Qross ölkəsi ilə Azərbaycanın əlaqələrinin əhəmiyyətini diqqətə çatdırıb, Nəsimi yaradıcılığının ümumbəşəri dəyərlərindən bəhs edib.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova bildirib ki, Nəsimi klassik Azərbaycan poeziyasına yeniliklər gətirmiş böyük söz ustadıdır.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə məsləhətçisi İrfan Çiftçi qeyd edib ki, İmadəddin Nəsimi həqiqət tərəfdarı idi. Onun yaradıcılığında insana sevgi, məhəbbət duyğuları əsas yer tutur.

Konfransda daha sonra “İmaməddin Nəsimi şəxsiyyətinin və fəlsəfəsinin özəllikləri”, “Nəsimi sirrinə bir baxış” və digər mövzularda məruzələr dinlənilib.

 

Mədəniyyət.- 2019.- 27 noyabr.- S.6.