Milli ruhlu alim-yazıçı

 

 

 

Bu il Cənubi Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, ədəbiyyatşünas alim, tərcüməçi, professor Həmid Məmmədzadənin anadan olmasının 95 ili tamam olur.

Həmid Rza oğlu Məmmədzadə 18 mart 1924-cü ildə Təbriz şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Təbriz Universitetinin Tarix və ədəbiyyat fakültəsinə qəbul olunur. O, sonra Tehran Universitetinə dəyişilir. Bu təhsil ocağından məzun olduqdan sonra bir müddət Ərdəbil şəhərində müəllim işləyir. Ədəbi yaradıcılığa da elə bu illərdə başlayır. Təbriz şəhərində nəşr edilən “Azad millət” və “Cavanlar” qəzetlərində publisistik yazılarla çıxış edir. Demokratik Hökumət süqut etdikdən sonra (1946) Şimali Azərbaycana mühacirət edir.

Həmid Məmmədzadə hələ erkən çağlardan yaradıcılıqla məşğul olur. İlk hekayələri “Pioner” və “Azərbaycan” jurnallarında dərc olunur. Sonrakı illərdə onun “Hekayələr”, “Futbol”, “İlk məhəbbət”, “Təbriz xatirələri” kitabları işıq üzü görür. O, bu kitablarda toplanmış hekayələrində acılı-şirinli xatirələrini, xalqın azadlıq mübarizəsini bir yazıçı səriştəsi ilə oxuculara təqdim edir. Qısa vaxt ərzində Həmid Məmmədzadə Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin fəal üzvlərindən biri kimi ədəbi mühitdə tanınır. O, 1958-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olur.

Elmi tədqiqatlara daha çox maraq göstərir, böyük yazıçı-dramaturq Mirzə Fətəli irsinin tədqiqi ilə məşğul olur. Düşdüyü mühit ona təhsilini davam etdirmək sahəsində yeni perspektivlər açır. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsilini davam etdirir. Ali məktəbi bitirdikdən sonra Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olur.

“İnqilabçı, jurnalist, yazıçı Seyid Cəfər Pişəvəri” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Sonra “Mirzə Fətəli Axundov və Şərq” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bundan sonra o, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində Elmi fondlar şöbəsinin müdiri, AEA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunun (indiki Şərqşünaslıq İnstitutu) İran filologiyası şöbəsinin böyük elmi işçisi vəzifələrində işləyib.

Alim-yazıçının “Cənub şeirində Vətən və vətənpərvərlik motivləri”, “Molla Nəsrəddin” jurnalı Təbrizdə”, “Cənubi Azərbaycan şairi Səhənd haqqında”, “Sadiq bəy Sadiqi Əfşar”, “Abbas Pənahi (Makulu)”, “Məhəmmədi Müdərrisi-Təbrizi”, “Cənub folkloru”, “Şeyx Məhəmməd Xiyabani”, “Zeynalabdin Marağalı”, “Həmid Nitqi” və s. elmi məqalələri ədəbi-elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. OnunM.F.Axundov və Şərq”, “Məşrutə inqilab ərəfəsində və dövründə İran ədəbiyyatı”, “Bahar Şirvani”, “Seyid Cəfər Pişəvəri”, “Təbriz xatirələri” və s. əsərləri bu günöz aktuallığını saxlayır. Ədibin “Fədai” povesti, “Şimal hekayələri”, “Oğurlanmış abidə”, “Təbriz təbəssümü”, “Azadlıq həsrəti”, “Milli meydan” və s. hekayələri maraqlı mövzulara həsr olunub.

Həmid Məmmədzadə tərcümə sahəsində də qələmini sınayıb. İ.Nəsiminin farsca divanını, N.Gəncəvinin “XosrovŞirin” poemasını və s. əsərləri dilimizə tərcümə edib. Eyni zamanda bir sıra Azərbaycan müəlliflərinin əsərlərini fars dilinə çevirib.

1979-cu ildə Güney Azərbaycana qayıdan professor Həmid Məmmədzadə 2000-ci ildə Tehranda vəfat edib.

 

S.FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 27 noyabr.- S.6.