Üzeyir bəy Hacıbəylinin publisistikasında musiqi məsələləri

  

 

 

Noyabrın 22-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda  tanınmış publisist Səadət Qarabağlının dahi bəstəkar Üzeyir Hacıbəylinin vəfatının 71-ci ildönümünə həsr etdiyiÜzeyir bəy Hacıbəylinin publisistikasında musiqi məsələləri” adlı kitabının təqdimatı oldu.

Tədbiri Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq Üzeyir Hacıbəylinin xatirə günü – vəfatının (23 noyabr 1948-ci il) ildönümü ərəfəsində təqdimatı keçirilən kitab barədə danışdı. Bildirdi ki, kitab artıq üçüncü dəfədir təkmilləşmiş şəkildə oxuculara təqdim edilir. Müəllif kitaba yeni faktlar əlavə etməklə onu daha da zənginləşdirib: “Dahi bəstəkar haqda nə qədər yazsaq da, yenə də azdır. Çünki onun dahiliyini əhatə edə bilmərik. Onun böyüklüyü, dahiliyi təkcə yaratdığı həmişəyaşar sənət inciləri ilə bitmir. O, mənalı və zəngin fəaliyyətini incəsənətin inkişaf etdirilməsi kimi nəcib bir işə həsr etmişdir”.

F.Əlizadə kitabın müəllifi Səadət Qarabağlını təbrik etdi, ona gələcək yaradıcılıq işlərində uğurlar arzuladı.

Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova çıxışında qeyd etdi ki, kitabda bu günə qədər məlum olmayan faktlara rast gəlirik. Kitabı oxuduqca dahi bəstəkarın nə qədər çətin və ağır  bir həyat yaşadığını görürük: “Bilirsiniz ki, Səadət xanım bir müddət bəstəkarın ev-muzeyində işləyib. Muzeydə  onun arxiv materialları ilə tanış olub. Bu da kitabın yeni faktlarla dolğunlaşmasında mühüm rol oynayıb”.

Tədbirdə daha sonra Xalq artisti, BMA-nın professoru Ülviyyə Hacıbəyova, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli, “Xalq  qəzeti”nin redaktor müavini Tahir Aydınoğlu çıxış edərək kitabın əhəmiyyətindən danışdılar. Bildirdilər ki, kitab dahi bəstəkarın irsinin öyrənilməsində dəyərli mənbədir.

Çıxışlardan sonra konsert proqramı təqdim edildi. BMA-nın tələbəsi Ülkər Məmmədzadə (piano) və Əməkdar artist Anar Şuşalının (tenor) ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, “Arşın mal alan” operettasından Əsgərin ariyası səsləndi.

 

SAVALAN

 

Mədəniyyət.- 2019.- 27 noyabr.- S.6.