Tofiq Bakıxanovun yaradıcılığının 65 illiyinə həsr edilmiş kitab sərgisi

 

 

 

Milli Kitabxanada görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovun yaradıcılığının 65 illiyinə həsr olunmuş kitab sərgisi açılıb.

Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək bəstəkarın zəngin yaradıcılığı haqqında məlumat verib. Tofiq Bakıxanovun çox ziyalı bir nəslin nümayəndəsi olduğunu vurğulayan natiq deyib ki, onun musiqiçi kimi formalaşmasında dahi Üzeyir Hacıbəylinin böyük rolu olub. Üzeyir Hacıbəyli ilə Tofiq müəllimin atası – tarzən Əhmədağa Bakıxanov dost idilər. Üzeyir bəyin məsləhəti ilə Tofiq Bakıxanov musiqi məktəbinin skripka sinfinə daxil olur. Həmin məktəbdə oxuyaraq, bəstəkarlığa da meyil göstərir. O, 1953-cü ildə konservatoriyanın skripka sinfini, 1957-ci ildə isə dahi bəstəkar Qara Qarayevin bəstəkarlıq sinfini bitirir.

Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova vurğulayıb ki, Tofiq Bakıxanov hələ musiqi məktəbində oxuyanda konsert salonlarında, radioda skripkaçı kimi çıxış edib. Daha sonra dövlət triosunda çıxış edibbir çox Azərbaycan bəstəkarlarının skripka üçün əsərlərinin ilk ifaçısı olub.

Bəstəkar bir çox janrda əsərlərin – 3 musiqili komediya, 3 balet, 8 simfoniya, müxtəlif alətlər üçün 25 konsert, 26 sonata, simfonik muğamlar, çoxlu sayda kamera-instrumentalkamera-vokal əsərlər, süitalar, uvertüralar, mahnılar və romansların müəllifidir.

Tofiq Bakıxanovun pedaqoji fəaliyyətindən söhbət açılaraq qeyd olunub ki, o, Asəf Zeynallı adına Musiqi Kollecində skripka dərsi deyib, Bakı Musiqi Akademiyasında uzun müddət çalışıb, yazdığı musiqi əsərləri tədris sistemində yer alıb.

Qeyd edilib ki, Azərbaycanda ilk birpərdəli balet olan “Xəzər balladası” Tofiq Bakıxanovun yaradıcılığının vizit kartıdır. Xəzər neftçilərinə həsr olunmuş bu əsər 1969-cu ildə Parisdə keçirilən VII Beynəlxalq musiqi festivalında nümayiş olunub. Balet Fransada, keçmiş sovet ölkələrində səhnəyə qoyulub və bəstəkara böyük şöhrət gətirib.

Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Telman Hacıyev və digərləri çıxış edərək bəstəkarın yaradıcılığından söz açıb, ona yaradıcılıq uğurları arzulayıblar.

Sonda çıxış edən bəstəkar tədbirin iştirakçılarına və təşkilatçılarına təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2019.- 29 noyabr.- S.3.