“Aşıq Pəri məclisi”nin Azərbaycan kəlağayısı gününə töhfəsi

 

 

 

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Aşıq Pəri məclisi”nin Azərbaycan kəlağayısı günü (26 noyabr) ilə bağlı konsert proqramı təqdim edildi.

Tədbiri giriş sözü ilə açan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı bu günün əhəmiyyətindən danışdı. Qeyd etdi ki, 26 noyabr 2014-cü ildə Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Diqqətə çatdırıldı ki, kəlağayı sənəti xalqımızın milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrində ən mühüm mədəniyyət nümunələrindəndir. Kəlağayı təkcə baş örtüyü deyil, həm də sevgi və gözəllik rəmzidir. Naxış və ornamentləri xalq məişətinin bir çox xüsusiyyətlərini, o cümlədən milli-mənəvi dünyamızla bağlı mərasim və hadisələri, xalq sənətinin müxtəlif sahələrini təcəssüm etdirir. Naxışlarla zəngin olan kəlağayıların hər birinin adının və naxışlarının fəlsəfəsi, təyinatı, xalq məişətində özünəməxsus yeri var.

“Aşıq Pəri məclisi”nin sədri Pərvanə Zəngəzurlu kəlağayının tarixindən danışdı. Dedi ki, kəlağayı istehsalı Azərbaycanda qədimdən intişar tapıb. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksək keyfiyyətli kəlağayılar hazırlanıb. Mənbələrin məlumatına görə, hələ Orta əsrlərdən Gəncə və Basqal kəlağayıları xarici ölkələrə də ixrac olunub. Bu kəlağayıların ən gözəl nümunələri XIX əsrin ortalarından başlayaraq Paris, London, Sankt-Peterburq, Moskva və digər şəhərlərdə keçirilən beynəlxalq sərgilərin mükafatlarına layiq görülüb.

“Aşıq Pəri məclisi”nin bədii rəhbəri, şair-publisist Güllü Eldar Tomarlı çıxışında vurğuladı ki, zərif, gözoxşayan kəlağayılarda el sənətkarlarının qəlbinin hərarəti duyulur. Milli geyimlərimizin bir hissəsi olan kəlağayı Azərbaycan qadınının dəyanət, sədaqət, ləyaqət simvoludur. Aşıq poeziyasında kəlağayı haqqında maraqlı poetik fikirlər yer alıb: “Kəlağayı milli dəyərlərimizin daşıyıcısıdır, kəlağayıda qədim və milli ornamentlərimiz öz əksini tapıb. Nənələrimiz illərlə kəlağayını öz sandıqlarında qoruyaraq nəsildən-nəslə ötürüblər. Dövr dəyişsə də, illər keçsə də, kəlağayıdan heç vaz keçməyiblər, bu baş örtüyünü toxuduqları xalçalar kimi qoruyub saxlayıblar”.

AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova milli kəlağayı sənətinin tarixindən bəhs edərək bildirdi ki, 1862-ci ildə Azərbaycan kəlağayısı ilk dəfə Londonda keçirilən dünya sərgisində nümayiş olunub və basqallı toxucu Nəsir Abdüləzizoğlunun əl işi gümüş medalaxüsusi diploma layiq görülüb.

Tədbirdə aşıqlardan Əməkdar mədəniyyət işçisi Zülfiyyə İbadova, Gözəl Kəlbəcərli, Nargilə Mehdiyeva, Nabat Sadıqova, Rəfiqə Göyçəli, Nazənin Lerikli, şairlərdən Səadət Buta, Südabə İrəvanlı, Nəcibə Dərələyəzli, Nuranə Təbriz, Aynur Qafarlı və başqaları saz havaları ifa etdilər, şeirlər səsləndirdilər.

Şagirdlərin yazıçı Natəvan Dəmirçioğlunun “Kəlağayı” hekayəsi əsasında təqdim etdikləri səhnəcik maraqla qarşılandı.

 

S.FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 29 noyabr.- S.4.