“Fikrət Əmirovun əsərlərini ifa və təhlil edirik

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbində böyük musiqiçinin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş IV elmi-ifaçılıq konfransı keçirildi.

Əvvəlcə beynəlxalq və respublika müsabiqələri laureatı vokalçı M.Tağızadə və 38 saylı onbirillik Musiqi məktəbinin şagirdləri Fikrət Əmirovun “Sevil” operasından musiqi parçaları səsləndirdilər.

Məktəbin direktoru – Əməkdar müəllim, professor Adilə Yusifova konfransı açaraq Fikrət Əmirovun milli musiqi mədəniyyətimizə verdiyi töhfələrdən danışdı: “Artıq dördüncü dəfədir ki, məktəbimizdə “Fikrət Əmirovun əsərlərini ifa və təhlil edirik” adlı elmi-ifaçılıq konfransı keçirilir. Tədbir bu ilDialoq. Elm. İnnovasiyamövzusuna həsr olunub”.

Sonra 3, 22, 33, 34, 38 saylı uşaq musiqi məktəblərinin, 6 saylı İncəsənət məktəbinin şagirdləri bir səhnəni bölüşdülər. Bəstəkarın “Kürd ovşarı” simfonik muğamından fraqmentlər, fortepiano prelüdü, skripkaçılar ansamblının ifasında “12 miniatür” məcmuəsindən işləmələr, qarmon üçün “1001 gecə” baletinin musiqi nümunələri əsasında “Fantaziya”, “Kor ərəbin mahnısı” (balaban ifasında) və “Bir gül seçdim yar üçün” mahnıları təqdim olundu.

Elmi-ifaçılıq konfransı İncəsənət məktəbinin böyük xorunun ifasında “Odlar ölkəsi” mahnısının sədaları ilə yekunlaşdı. Bütün ifalar alqışlarla qarşılandı.

 

S.FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 29 noyabr.- S.6.