“Bakı bizim üçün həmişə musiqili şəhər obrazında olub”

 

 

Özbəkistan Milli Muğam İncəsənət Mərkəzinin Yunus Rəcəbi adına muğam ansamblı noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış etdi.

Konsertdən əvvəl “Kainat” Gənclik Mərkəzinin rəhbəri Rahib Rəsulzadə çıxış edərək Bakıda səfərdə olan ansamblı salamladı və diqqətə çatdırdı ki, 40 nəfərdən artıq üzvdən ibarət kollektivin Bakıda ilk çıxışı iki qardaş ölkə üçün əlamətdar mədəni hadisələrdən sayılır. Vurğuladı ki, ötən illər ərzində Özbəkistanda keçirilən muğam festivallarında Azərbaycan muğam ifaçılığı məktəbinin nümayəndələri hər zaman yüksək nailiyyətlər qazanıb, eləcə də Bakıda “Muğam aləmi” Beynəlxalq Muğam Festivalında özbək musiqiçilər uğurla çıxış ediblər. “Kainat” Gənclik Mərkəzinin layihəsi üzrə təşkil edilən beynəlxalq yarışmalarda – Uşaq muğam festivalında, İslam dünyası gənc klassik musiqi ifaçılarının müsabiqəsində Özbəkistan musiqiçilərinin iştirakı hər zaman maraqla qarşılanıb.

Sonra konsert proqramı təqdim edildi. Özbəkistanın Xalq artisti Hoşimcon İsmayılovun bədii rəhbərliyi Abdurəhman Xoltaciyevin musiqi rəhbərliyi ilə ansamblın solistləri – Xalq artisti Abdunabi İbrahimov, əməkdar artistlər Gülbahar Erkulova, xanəndələr Sərdarbəy Qafurbəyov, Ədalət İsmayılovanın gənc xanəndələrin ifasında “Aşıq Qərib” dastanından parçalar, muğam parçaları, özbək xalq mahnıları, Əlişir Nəvainin qəzəllərindən ibarət kompozisiyalar tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Konsert eyni zamanda özbək muğam (makom) sənəti ilə Azərbaycan muğam sənəti arasında oxşar fərqli cəhətləri nümayiş etdirirdi.

Özbəkistanın Əməkdar artisti, xanəndə Gülbahar Erkulovanın Bakı təəssüratlarını öyrəndik.

 

- Azərbaycan muğam sənətinin əsas məkanlarından birində özbək muğamını təqdim etmək hansı hissləri yaradır ?

- İlk növbədə demək istərdim ki, 10 il əvvəl Azərbaycana səfər etmişdim. Bu gün isə yenidən Bakıdayam konsert verəcəyimiz bu mərkəzlə bərabər ümumilikdə çox gözəl memarlıq nümunələri, muzey, teatr-konsert salonlarını tanımaq məndə çox xoş təəssürat yaratdı. Bakı bizim üçün həmişə musiqili şəhər obrazında olub. Biz hələ sovetlər dönəmindən incəsənətlə bağlı bu şəhərlə sıx əlaqədə olmuşuq. Özbəkistanda milli musiqi sahəsində ifa edən elə bir müğənni yoxdur ki, Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın repertuarından heç olmasa bir mahnı bilməsin, ifa etməsin. Özüm onun yaradıcılığını çox sevirəm.

 

- Bu gün böyük bir heyətlə burada iştirak edirsiniz...

- Bəli, Özbəkistan Milli Muğam İncəsənət Mərkəzinin Yunus Rəcəbi adına ansamblının 40 nəfərdən artıq heyəti Bakıya gəlib. Bu ansambl Bakıda ilk dəfə çıxış edir. Ölkə rəhbərimiz 2017-ci ildə şaşmakom sənətinin türkdilli dövlətlərdə inkişafı təbliği ilə bağlı sərəncam verib. Bu sərəncama əsasən, bizim bu gün ilk tədbirimiz reallaşır. Çox şadıq ki, ilk tədbir Azərbaycanda keçirilir. Çünki bura muğamın vətəni, muğam sənətinin beşiyi sayılır. Azərbaycanda muğam sənəti ilə bağlı müxtəlif festival konfranslar keçirilir. Bizim şagird tələbələr bu tədbirlərdə iştirak edirlər. Eyni zamanda qarşılıqlı olaraq Azərbaycan muğam ifaçıları mütəmadi şəkildə Səmərqənddə təşkil edilən “Şərq təranələri” festivalında hər dəfə yüksək uğurları ilə yadda qalıblar. Mən bir xanəndə kimi çox sevinirəm ki, bizim qarşılıqlı əlaqələrimiz davam edir.

 

- Bakı konsertinin repertuarında hansı özəlliklər var?

- Bakıya özəl proqramla gəldik. Əlbəttə, çox istərdik ki, proqrama yalnız muğamları daxil edək. Lakin bu, ilk görüşümüz olduğu üçün özbək xalq mahnıları, muğamlardan parçalar, türkdilli xalqların ortaq mədəniyyəti sayılan opera əsərlərindən nümunələrlə çıxış edəcəyik. Mənim ifamda isə tamaşaçılar “Aşıq Qərib” dastanından bir parçanı da dinləmək imkanı qazanacaqlar.

 

- Azərbaycan muğam ifaçıları ilə birgə duet oxumaq istərdinizmi?

- Əlbəttə. Amma bu hələ ki, zamanın işidir. Azərbaycanda bu gün sevə-sevə dinlədiyim xanəndələr var. Xalq artistləriniz Simarə İmanova, Alim Qasımov, xanəndə Hüseyn Məlikov digərləri. Türkiyədə dəfələrlə səfərdə olmuşam. Bu səfərlər zamanı azərbaycanlı ifaçı, çox vətənpərvər bir xanım kimi tanıdığım Azərinlə türk televiziya kanallarında tez-tez rastlaşırıq. Bundan əlavə, Azərin xanımın vasitəsilə tanıdığım Brilliant Dadaşovanın ifalarını çox sevirəm.

 

- Özbəkistanda Azərbaycan musiqilərini çox sevirlər...

- Bu həmişə belə olub. Əfsuslar olsun ki, son dövrlərdə estrada janrına, elə bizdə sizdə yüngül musiqilərə gənclərin marağı daha çoxdur. Yenə öz millətini, xalqını sevən hər bir kəsin qəlbində mütləq bir muğam milli musiqi telləri var. Çünki laylalarımız, ən xoş günümüzün musiqiləri məhz muğam milli musiqi ladlarımız üzərindədir.

Söhbətin sonunda Gülbahar xanım bizim üçün canlı olaraq “Arşın mal alan” operettasından, eləcə Zeynəb Xanlarovanın repertuarından mahnı parçalarını qısa şəkildə ifa edərək bir daha Azərbaycan xalqına musiqiçilərinə sevgilərini çatdırmağımızı xahiş etdi.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2019.- 29 noyabr.- S.1;7.