Xalça eskizi müsabiqəsinə yekun vuruldu

 

 

Sentyabrın 28-də Azərbaycan Milli Xalça Muzeyində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi keçirildi. Sərgi II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində təşkil olunmuşdu.

Mədəniyyət naziri Əbülfəs Qarayev mərasimdə çıxış edərək Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının ölkəmizin mədəni həyatında əlamətdar hadisə olduğunu vurğuladı. Dövlət tərəfindən Nəsimi irsinə böyük diqqət göstərildiyini deyən nazir Prezident İlham Əliyevin dahi şairin 650 illiyi və “Nəsimi ili” ilə bağlı sərəncamlarını bu qayğının parlaq təzahürü kimi səciyyələndirdi.

Bildirildi ki, Nəsimi irsinin xalqımızın mənəviyyat xəzinəsində layiqli yerinin müəyyən olunmasında sovet Azərbaycanına rəhbərlik edən ümummilli lider Heydər Əliyevin müstəsna rolu olub. Məhz ulu öndərin təşəbbüsü ilə 1973-cü ildə Nəsiminin 600 illik yubileyi ölkəmizdə və UNESCO-da qeyd olunub, haqqında ədəbi və musiqi əsərləri yazılıb, bədii film çəkilib. Həmin dövrdən etibarən böyük söz ustadının irsi daha əhatəli araşdırılıb.

Əbülfəs Qarayev vurğuladı ki, belə müsabiqələr İmadəddin Nəsiminin xalqımızın ədəbiyyat salnaməsinə verdiyi töhfələrin daha dərindən öyrənilməsi ilə yanaşı, gənc istedadların üzə çıxarılması, cəmiyyətə tanıdılmasına da xidmət edir.

Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova qədim tarixə malik xalçaçılıq sənətimizin böyük inkişaf yolu keçdiyini dedi. Bildirdi ki, Heydər Əliyev Fondunun bu sahəyə böyük diqqət və qayğısı sayəsində hazırda xalça sənəti çiçəklənmə dövrünü yaşayır.

Qeyd olundu ki, Heydər Əliyev Fondu, Mədəniyyət NazirliyiXalça Muzeyinin birgə təşkil etdiyi müsabiqəyə ölkəmizlə yanaşı, Fransa, İtaliya, Hindistan, Rusiya, İranAlbaniyadan yaşı 20-dən yuxarı 35 iştirakçı qatılıb. Bu iştirakçılardan I və II yerin sahibləri münsiflər heyəti tərəfindən elan olunub. Üçüncü yerin qalibi isə muzeyinFacebook” səhifəsində açıq səsvermə ilə seçilib.

SonraSöz” ədəbi layihəsinin və beynəlxalq xalça eskizi müsabiqəsinin qaliblərinə diplom və hədiyyələr təqdim edildi. Tədbir çərçivəsində eskizlər əsasında Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsi işçilərinin toxuduğu 3 xalça nümunəsi təqdim edildi.

Tədbirdə həmçinin Xalq rəssamı Eldar Mikayılzadənin ölməz şairin 650 illiyinə həsr etdiyi “Nəsimi” xalçasının təqdimatı keçirildi.

 

LALƏ

 

Mədəniyyət.- 2019.- 2 oktyabr.- S.2.