El sənəti” 30-dək ölkədən sənətkarları bir araya gətirib

 

 

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının ilk günü – sentyabrın 28-də tədbir çərçivəsində paytaxtımızda daha bir maraqlı sənət layihəsi – “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı başlandı.

Festival “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (İRCİCA) birgə təşkilatçılığı ilə keçirilir.

Açılış mərasiminə Mədəniyyət naziri Əbülfəs Qarayev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (İRCİCA) baş katibi Xalid Ərən, 30-dək müsəlman ölkəsindən nümayəndələr qatılmışdı.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov mərasimdə çıxış edərək bildirdi ki, dövlət başçısının sərəncamına əsasən, bu il İmadəddin Nəsiminin 650 illik yubileyi ölkəmizdə rəngarəng tədbirlərlə qeyd olunur. Yubileylə əlaqədar keçirilən tədbirlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bu il ikincisi gerçəkləşən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının böyük əhəmiyyəti var. “El sənəti” festivalı da bu möhtəşəm layihə əsasında təşkil olunub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxışında bu cür festivalları müxtəlif xalqları birləşdirən vasitələrdən biri kimi səciyyələndirdi: “Mən İçərişəhərin dünənini də görmüşəm, bu gününün də şahidiyəm. Azərbaycanda müstəqillik illərində dinimizə çox böyük qiymət verilib. Buna görə mən ilk növbədə Prezidentimiz cənab İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm”.

Mədəniyyət naziri Əbülfəs Qarayev mərasimdə çıxış edərək bildirdi ki, 50 il öncə mədəniyyətimizin böyük himayədarı, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə İmadəddin Nəsiminin 600 illik yubileyi qeyd olunub. Yarım əsrdən sonra ulu öndərin nəvəsi Leyla Əliyevanın təşəbbüsü ilə Nəsimi festivalı keçirilir: “Bu festival həm də onu deməyə əsas verir ki, xalqımız öz mütərəqqi ənənələrinə sadiqdir”.

Nazir festivalın əhəmiyyətini yüksək qiymətləndirdi, iştirakçılara təşəkkürünü bildirdi.

Çıxışlardan sonra qonaqlar sənətkarlıq nümunələri ilə tanış oldular.

El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı oktyabrın 4-dək davam edəcək.

 

Mədəniyyət.- 2019.- 2 oktyabr.- S.1;3.