Kolumbiya ədəbiyyatı: Markesdən əvvəl və sonra

 

 

 

Sərgilər həm də yeni tanışlıqlar üçün vəsilədir. Üstəlik, bu tanışlıq təkcə insanlar arasında baş vermir, yeni mədəni hadisələr, bu günədək bələd olmadığın ədəbi janrlar ilə də ola bilər.

Bu üzdən sərgi-yarmarkanın ilk günündə Kolumbiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir diqqətimizi çəkdi. Çünki Kolumbiya ədəbiyyatı deyərkən, yadımıza ilk olaraq Qabriel Qarsiya Markes düşür. Şəksiz, Azərbaycanda yeni fəaliyyətə başlayan Kolumbiya səfirliyində də bunu bilməmiş deyillər. Odur ki, sərgi-yarmarkanın yaratdığı imkandan bəhrələnərək Azərbaycan insanının Kolumbiya ədəbiyyatı barədə seyrək, səpənək bilgisini artırmaq üçün professor Oskar Leonardo Rodrigezin iştirakı ilə “Müasir Kolumbiya ədəbiyyatında xatirə” mövzusunda konfrans düzənlədilər.

Sərgi başlayandan bəri öz stendlərinin önündə ayaq saxlayan hər kəsə Kolumbiya qəhvəsi təklif edən qonaqlarımız konfrans iştirakçılarını unutmadılar. Bakı İdman Sarayının xidmət personalının köməyilə “Açıq zalda yerini tutan hər kəsə bu içkidən dadmaq təklif edildi.

Tədbir isə ilk baxışdan iki məqamı ilə diqqəti çəkirdi: Kolumbiya səfiri Luis Antonio Dimate Kardenasın konfransda şəxsən iştirak etməsi və elanda adı çəkilən professorun bizim qavradığımız tərzdə professor obrazı üçün hədsiz cavan görünməsi.

Səfir konfransı açaraq ölkələrimiz arasındakı diplomatik və mədəni əlaqələrin genişlənməsindən, ədəbiyyat və mədəniyyət tanışlıqlarımızın qarşılıqlı sıxlaşmasından söz açdıqdan sonra Oskar Leonardo Rodrigez barədə məlumat verdi. Söylədi ki, professor Rodrigez ölkəsində yaxşı tanınan ədəbiyyat tədqiqatçısı və ispan dili müəllimidir. Səfirliyin dəvəti ilə hazırda Bakıda çalışan Rodrigez beynəlxalq münasibətlər üzrə ixtisaslaşan gənclərə ispan dilini tədris edir, eyni zamanda Kolumbiya ədəbiyyatı üzrə araşdırma aparır.

Məruzəçi müasir Kolumbiya ədəbiyyatı, təbii ki, milli ədəbiyyatın beynəlxalq miqyasda təqdir səviyyəsini çox yüksəklərə qaldırmış Qabriel Qarsia Markeslə eyni dövrdə yaşamış Xarold Alvorado Tenorio, Xuan Qustavo Kobo Borda və başqalarının yaradıcılığı barədə danışdı. 1990-cı illərdə narkotik, məişət və siyasi zorakılıq problemlərinə həsr olunmuş şərti olaraqnarko” ədəbiyyatı adlandırılan milli ədəbi nümunələr barədə məlumat verdi. Görkəmli söz ustadlarının məhz xatirə janrında yazdıqları əsərlərdə konkret bir dövrün simasını tamamlayacaq cizgilərə rast gəlindiyini vurğuladı.

Beləliklə, konfransKolumbiya ədəbiyyatında Markesdən başqa daha kim var?” sayaq suallara cavab axtaranlara ipucu da verdi. Bu isə paytaxtımızda keçiriləcək növbəti beynəlxalq yarmarkalarda qarşılıqlı olaraq Kolumbiyada nəşr edilmiş Azərbaycan ədəbiyyatı və ölkəmizdə çapdan çıxmış yeni Kolumbiya ədəbi nümunələrinin təqdimatlarını görmək istəyini yaratdı.

 

G.MİRMƏMMƏD

 

Mədəniyyət.- 2019.- 2 oktyabr.- S.4.