Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası”nın təqdimatı keçirilib

 

 

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Aşıqlar Birliyi (AAB) tərəfindən hazırlanan “Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası” “Gənclik” nəşriyyatında nəfis tərtibatda işıq üzü görüb. Sentyabrın 26-da R.Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət NazirliyiAAB-nin birgə təşkilatçılığı ilə kitabın təqdimatı keçirildi.

Antologiyanı AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və Mədəniyyət və İncəsənət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli nəşrə hazırlayıblar. Kitabın redaktoru filologiya elmləri doktoru, professor Mahmud Allahmanlıdır.

Tədbiri giriş sözü ilə professor Məhərrəm Qasımlı açaraq bildirdi ki, Azərbaycan dövləti mədəniyyət və ədəbiyyatın inkişafına qayğı göstərir. Bu il Prezident İlham Əliyevin sərəncamı ilə yaradıcı təşkilatlara, o cümlədən Aşıqlar Birliyinə vəsait ayrılıb. Bu diqqət və qayğı ulu ozan sənətinin yaşadılması və təbliği sahəsində görülən işlərə əlavə stimul verib.

Aşıqlar Birliyinin sədri qeyd etdi ki, saz-söz sənətimizin yaşadılmasına xidmət edən nəşr layihələri bundan sonra da davam etdiriləcək. Bildirildi ki, “Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası”nda 61 aşığın qısa tərcümeyi-halı və şeirlərindən nümunələr yer alıb. Aşıq şeirinin ən müxtəlif poetik biçimlərinin (gəraylı, qoşma, təcnis, divani, müxəmməs, bayatı və s.) toplandığı nəşr bu sahədə tarixən mövcud olan ənənələrin bu gündavam etdirildiyini təsdiq edir. Topluya daxil edilmiş şeirlərin poetik ruhunda el-yurd məhəbbəti, qəhrəmanlıq, dövlətçiliyə bağlılıq, mənəvi saflıq, halallıq və mərdliyin tərənnümü xüsusilə diqqəti çəkir.

Məhərrəm Qasımlı onu da vurğuladı ki, uzun müddətdir üzərində gedən, təxminən 1500 səhifə həcmində olan “Ozan-aşıq ensiklopediyası” tamamlanmaq üzrədir. Ozan-aşıq sənəti ilə bağlı zəngin qaynaqları, elmi-nəzəri bilikləri, portret oçerkləri, eləcə də arxiv sənədlərini, not yazılarını əhatə edən zəngin informasiyalı ensiklopediyanın ilin sonlarına qədər iki cilddə oxuculara təqdim olunması nəzərdə tutulur. İkinci bir dəyərli ozan-aşıq ədəbiyyatı ilə bağlıdır. 250 səhifədən ibarət olan kitab yaxın vaxtlarda işıq üzü görəcək. Aşıq Növrəs İmanla bağlı bir dastan da nəşrə hazırlanır. Bundan əlavə, XVII əsrdən üzü bəri Dərbəndli Zərnigar, Diləfruz və Dərbəndin çağdaş el sənətkarlarının həyat və yaradıcılığı da araşdırılır.

Ayrıca aşıq geyimlərinin hazırlandığını diqqətə çatdıran AAB-nin sədri dedi ki, bu geyimlər bir növ Azərbaycan bayrağını xatırladır: “Sazçı qızlar tavar, cürə, qoltuq sazlarla çıxış edəcəklər. Xanım aşıqlarla bərabər 25 kişi aşıq üçünyeni geyim hazırlanıb. Həmçinin bölgələrdə fəaliyyət göstərən filiallarımızın sazmüasir texnoloji vasitələrlə təmin edilməsinə çalışırıq”.

Çıxışının sonunda tədbir iştirakçılarına təşəkkürünü bildirən Məhərrəm Qasımlı dedi: “İnanıram ki, aşıqlarımız dövlətimizin bizə göstərdiyi bu dəstəyə uyğun olaraq sazımızı, sözümüzü, o cümlədən Azərbaycan dövlətçiliyinin adını həmişə uca tutacaq və həmişə məhəbbətlə tərənnüm edəcəklər”.

Sonra bədii hissəyə keçildi. Şeirləri topluda yer almış aşıqlardan əməkdar mədəniyyət işçiləri Solmaz Kosayeva, Əhliman Şirvanlı, Ağamurad Şirvanlı, Haşım Qubalı, həmçinin tanınmış sənətkarlar Cabbar Laçınlı, Cahangir Quliyev, Qələndər Zeynalov, Qaracan Borçalı, Bəhmən Göyçəli və Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu maraqlı ifalarla çıxış etdi.

Səsləndirilən “Cəngi Koroğlu”, “Cəlili”, “Naxçıvangülü”, “Orta şəşəngi”, “Dübeyti”, “Şirvan müxəmməsi”, “Şahsevəni”, “Döymə Kərəmi”, “Aran gözəlləməsi”, “Şirvan gözəlləməsi”, “Qaragöz”, “Güllü qafiyə”, “Yüngül Şərili”, “Göycəgülü”, “Paşaköçdü” və s. aşıq havaları tamaşaçıların alqışları ilə qarşılandı.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 2 oktyabr.- S.7.