Nəsiminin “İraq divanı”nın təqdimatı

 

 

 

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının proqramı müxtəlif tədbirlər və təqdimatlarla zəngin idi. Sentyabrın 27-də sərgi-yarmarkada “Nəsimi. İraq divanı” (türk dilində) kitabının təqdimatı keçirildi.

Kitab Mədəniyyət Nazirliyi tərəfindən 2016-cı ildən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi üzrə İmadəddin Nəsiminin 650 illiyi münasibətilə Türkiyədə çap olunub.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov tədbiri açaraq bildirdi ki, ümummilli lider Heydər Əliyev ötən əsrin 70-ci illərində Nəsiminin yubileyini keçirməsəydi, Nəsimi istər Azərbaycanda, istərsə də dünyada bu qədər tanınmazdı: “Bu baxımdan Prezident İlham Əliyevin 2019-cu ilin ölkəmizdə “Nəsimi ilielan edilməsi ilə bağlı imzaladığı sərəncam da olduqca əhəmiyyətlidir. Mən professor Qəzənfər Paşayevin tərtib etdiyi bu kitabın Türkiyədə nəşrini yüksək qiymətləndirirəm. Bu kitab ərəb mühitində Nəsimi dilinin, Nəsimi yaradıcılığının necə qorunub saxlanılması haqqında əhəmiyyətli mənbədir. Buna görə Qəzənfər müəllimə minnətdarlığımı bildirirəm”.

Mədəniyyət naziri Əbülfəs Qarayev “Nəsimi ili” çərçivəsində bu ilin əvvəlindən müxtəlif tədbirlərin keçirildiyini, nəşr layihələrinin reallaşdığını qeyd etdi: “Musiqiçilərimiz, rəssamlarımız Azərbaycan ədiblərinin əsərlərindən bəhrələnərək çoxsaylı yeni əsərlər yaradıblar. Şair və ədiblərin bədii irsinin gələcək nəsillərə çatdırılması zəruridir. Bu mənada Qəzənfər Paşayevin ərsəyə gətirdiyi kitab da xüsusi əhəmiyyət daşıyır. Aparılan araşdırmalar Azərbaycan xalqının kimliyini, mədəni-mənəvi zənginliyini nümayiş etdirmək baxımından qiymətlidir. Ümid edirəm ki, “Nəsimi ili” bitəndən sonra da bu tədbirlər, layihələr davam etdiriləcək”.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bildirdi ki, akademiyada bu il ərzində Nəsimi irsinə həsr olunmuş 16 kitab çap edilib. Nizami adına Ədəbiyyat İnstitutunda isə nəzərdə tutulan 11 kitabdan 7-si artıq işıq üzü görüb. Onlardan biri də Qəzənfər Paşayevin tərtib etdiyi Nəsiminin “İraq divanı”dır. Bu kitab həm Azərbaycanda, həm də dünyada nəsimişünaslıq elminə böyük töhfədir.

Professor Qəzənfər Paşayev çıxış edərək Nəsiminin uzun müddət dinsizliklə suçlandırılaraq yaradıcılığının kənarda qaldığını bildirdi: “Yalnız XIX əsrdə Türkiyədə Nəsiminin divanından parçalar, 1926-cı ildə Azərbaycanda Salman Mümtazın araşdırması ortaya çıxdı. 1973-cü ildə isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin yubileyinin keçirilməsi sayəsində dahi şair bütün Azərbaycanda tanındı: “Nəsiminin dünyada əlliyə qədər əlyazması var. “İraq divanı” nüsxəsində 63 şeirini üzə çıxarmışam. Bu kitabın Türkiyədə yenidən çapını Nəsimi irsinin tanıdılmasında böyük addım hesab edirəm”.

Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və başqaları nəşrin əhəmiyyətindən danışdılar.

Xatırladaq ki, “İmadəddin Nəsimi. İraq divanı” Mədəniyyət Nazirliyinin “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi üzrə indiyədək işıq üzü görən 43 nəşrdən biridir.

 

FARİZ

 

Mədəniyyət.- 2019.- 2 oktyabr.- S.4.