Paytaxt oxucuları üçün yeni kitab ünvanı

 

 

“Azərkitab” Kitab Təbliğatı Mərkəzi yeni ünvana köçüb. Sentyabrın 27-də Bakının Yasamal rayonunda mərkəzin təzə məkanının açılış mərasimi keçirildi.

Mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Milli Məclisin deputatları, elm, ədəbiyyat, mədəniyyət xadimləri, yazarlar və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan layihənin ideya müəllifi Sabir Həsənov mərkəzin fəaliyyəti haqqında məlumat verdi. Qeyd etdi ki, bu layihənin reallaşdırılmasında məqsəd kitabla, əvvəllər olduğu kimi, ünsiyyəti möhkəmləndirməkdir.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “Azərkitab”ın yenidaha geniş məkanda fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırdı. Vurğuladı ki, son dövrlər ölkəmizdə kitab və mütaliənin təşviqi sayəsində yeni-yeni kitab mərkəzləri, mağazaları açılır.

Mədəniyyət naziri Əbülfəs Qarayev mərasimdə çıxış edərək yeni bir kitab məkanının açılması ilə bağlı paytaxtın mütaliə həvəskarlarını təbrik etdi. Bildirdi ki, son illər ölkəmizdə kitaba maraq artıb. Paytaxtımızda yeni kitab satışı ünvanlarının yaradılması bunun əsas göstəricilərindəndir. Nazir ölkəmizin bütün kitabxanalarına latın qrafikasında yeni nəşrlərin verildiyini dedi. Bu istiqamətdə atılan addımların davamlı olacağını bildirdi.

Bu günlər paytaxtımızda VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçirildiyini vurğulayan nazir sərginin proqramında maraqlı təqdimatların, görüşlərin yer aldığını diqqətə çatdırdı, bütün bu tədbirlərin kitaba marağın artırılmasına töhfə olacağını dedi.

Nazir sonda kitab mərkəzinin işinə uğurlar arzuladı.

Xalq şairi Sabir Rüstəmxanlı belə kitab mağazalarının nəinki paytaxtdairi şəhərlərdə, həmçinin kənd və qəsəbələrimizdə də açılmasının günün tələbi olduğunu vurğuladı. O, insanların kitaba marağının artırılması üçün müxtəlif təşviqat tədbirlərinin keçirilməsinin önəmini qeyd etdi. Vurğuladı ki, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası bu istiqamətdə əhəmiyyətli layihədir.

Daha sonra qonaqlar “Azərkitab”ın yeni məkanı ilə tanış oldular.

Qeyd edək ki, üç mərtəbədən ibarət olan kitab mağazasında müxtəlif yaşda oxucular üçün rəngarəng mövzularda ədəbiyyatlar əldə etmək mümkündür.

 

F.HÜSEYNOV

 

Mədəniyyət.- 2019.- 2 oktyabr.- S.5.