Dahi bəstəkarın ev-muzeyi sənət adamlarının görüş məkanına çevrilib

 

Oktyabrın 1-də Qara Qarayevin ev-muzeyində bu mədəniyyət ocağının fəaliyyətə başlamasının birilliyi münasibətilə tədbir keçirildi. 1 oktyabr – Beynəlxalq Musiqi Gününə təsadüf edən tədbirdə mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri açaraq dahi bəstəkar Qara Qarayevin həyat və yaradıcılığından, musiqi mədəniyyətimizin inkişafında xidmətlərindən söz açdı.

Muzeyin birillik fəaliyyətinə nəzər salan Alla Bayramova diqqətə çatdırdı ki, Qara Qarayevin ocağı artıq incəsənət xadimlərinin sevdiyi məkanlar sırasındadır. Mütəmadi olaraq burada görkəmli sənət adamlarının xatirə gecələri keçirilir, incəsənət xadimləri ilə görüşlər, konsertlər, kitab təqdimatları təşkil olunur. Bütün bunlarla yanaşı, muzeyə yeni-yeni eksponatlar, hədiyyələr verilir ki, bu da muzeyin fondunu daha da zənginləşdirir.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxışında qeyd etdi ki, Qara Qarayevin musiqisi, pedaqoji fəaliyyəti zəngin olduğu üçün onun haqqında bu günkitablar yazılır, araşdırmalar aparılır və dissertasiyalar müdafiə olunur. Bütün bunlar onun yaradıcılığının hələ tam öyrənilməsi anlamına gəlmir. Çünki dahi bəstəkarın musiqisində o qədər mükəmməllik var ki, yalnız sənətkarlar bu zirvənin ucalığını görə bilərlər.

Sonra F.Əlizadə “Qara Qarayevin yaradıcılığının bədii-estetik xüsusiyyətləri” kitabını və bəstəkarın yaradıcılığını əks etdirən ingilis dilinə tərcümə olunmuş kitabları muzeyə hədiyyə etdi.

Xalq artisti, bəstəkar Tofiq Bakıxanov, Əməkdar incəsənət xadimi Aida Tağızadə  çıxışlarında görkəmli bəstəkarla bağlı xatirələrini bölüşdülər, onunla bir çox ölkələrə səfərlərini yada saldılar. Bildirildi ki, bu səfərlərdə nümayəndə heyətinin rəhbəri olan dahi bəstəkar hər kəslə rəsmiyyətdən uzaq, çox mehriban və səmimi davranardı.

Çıxışlardan sonra Azərbaycan Dövlət Simli Kvartetinin, beynəlxalq müsabiqələr laureatları Müşfiq QuliyevVurğun Vəkilovun, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi və Fikrət Əmirov adına 6 saylı İncəsənət məktəbi şagirdlərinin ifalarında bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim edildi.

 

S.FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 4 oktyabr.- S.4.