“Göyçək Fatma”nın sorağı Elistadan gəlir, “Canqar”ın sorağı Bakıdan

 

 

Bakı Uşaq Teatrı Rusiya Federasiyasının Kalmıkiya Respublikasında keçirilən “Keyeda” II Beynəlxalq uşaq və yeniyetmələr üçün tamaşalar festivalında iştirak edib.

25-29 sentyabr tarixində Elista şəhərində “Qəlbimizi uşaqlara verək!” devizi altında gerçəkləşən sənət bayramında teatr milli folklorumuzun gözəl nümunəsi olan “Göyçək Fatma” nağılı əsasında hazırlanmış tamaşa ilə çıxış edib. Quruluşçu rejissor İntiqam Soltanın yeni səhnə yozumunda təqdim edilən tamaşa bütün yaş qruplarından olan uşaqlar üçün nəzərdə tutulub. “Göyçək Fatmafestival günlərində iki dəfə - senyabrın 26-da və 28-də B.Basanqov adına Milli Dram Teatrında göstərilib. Teatrın sosial şəbəkələrdəki səhifəsində “Göyçək Fatma” haqqında məlumat və tamaşadan fotoşəkillər yerləşdirilib, tamaşaçıların razılıq dolu rəyləri yer alıb.

Bakı Uşaq Teatrı ilə yanaşı bu festivalda ölkəmizi Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist İlham Əsədov da təmsil edib. O, ayın 27-də “Əziz Kalmıkiyam!” adlı solo konsert proqramı ilə çıxış edib.

Kalmıkiya milli teatrının baş direktoru Qalina Şurayevanın təşəbbüsü ilə ilk dəfə 2017-ci ilin payızında keçirilən festivalda bizim Gənc Tamaşaçılar Teatrı da iştirak etmişdi. Bu dəfə isə Bakı Uşaq Teatrından başqa Belarus, Qırğızıstan, Çeçenistan, Dağıstan və Krımı təmsil edən teatrlar da festivala qatılıb.

Martin MakDonax Beynəlxalq teatr festivalının ekspert şurasının üzvü, tanınmış moskvalı teatr tənqidçisi Pavel Podkladov, eləcə də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov da festivalda nümayiş olunan tamaşaları qiymətləndirən mütəxəssislərin arasında olublar.

Festivalın bağlanış mərasimində iştirakçılara diplomlar, Keyeda heykəlcikləri və xatirə hədiyyələri verilib. Kalmıkiya Respublikası Mədəniyyət və turizm nazirinin müavini yaradıcı kollektivlərə təşəkkürnamələr təqdim edib. Qonaqlar da minnətdarlıqlarını bildirərək öz hədiyyələrini bağışlayıblar. Yerli mətbuatın yazdığına görə, festival təşkilatçılarını ən çox heyrətləndirən və təsirləndirən Azərbaycandan gələn hədiyyə olub. Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov kalmık xalqının qədim “Canqareposunun Azərbaycan dilindəki nəşrini festivalın təşkilat komitəsinə hədiyyə edib.

Tədbir “Keyeda dostlarını təqdim edir” teatrlaşdırılmış konserti ilə başa çatıb.

 

GÜLCAHAN

 

Mədəniyyət.- 2019.- 4 oktyabr.- S.6.