Müəllim-yazar – ikinci Axundov

 

 

 

XX əsrin əvvəllərində Azərbaycan maarifçiliyindən söz açılanda ilk yada düşən ziyalılar arasında görkəmli yazıçı-dramaturq, vətənpərvər pedaqoq Süleyman Sani Axundovun da adı hörmətlə anılır. 

3 oktyabr 1875-ci ildə Şuşada dünyaya göz açan Süleyman Sani Axundov Qori Müəllimlər Seminariyasına qəbul olunur. Tələbə ikən milli, klassik rusdünya ədəbiyyatı ilə tanışlıq onun dünyagörüşünə müsbət təsir göstərir. 1894-cü ildə təhsilini başa vurur və Bakıda III dərəcəli rus-tatar məktəbinə müəllim təyin edilir. Həmin dövrdən geniş maarifçilik işinə başlayır.

Pedaqoji fəaliyyətlə bərabər, ədəbi yaradıcılıqla məşğul olan maarif xadimi uşaqların acınacaqlı həyatı ələmə alır. Onu da qeyd edək ki, ədəbiyyat aləmindəz dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadədən fərqlənmək üçün ərəbcə “ikinci” mənasını daşıyan “sanisözünü özünə ləqəb götürüb.

Yazıçının “Qorxulu nağıllar” silsiləsindən “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” adlı hekayələri “Məktəb” jurnalında dərc olunur. Eyni zamanda siyasi-ictimai mövzuda yazdığı “Kövkəbi-hürriyyət”, “Yuxu”, “Qonaqlıq”, “Tutuquşu” və s. əsərləri maraqla qarşılanır.

Tutuquşu” müəllifin bir səhifəlik tərbiyəvi hekayəsidir. Ədib əsəri nağıl kimi təqdim edir. Əslində isə hekayədə ana dilinə biganə insanlara qarşı üsyan var. Vətənsiz, məfkurəsiz ziyalılar yazıçının tənqid hədəfidir. Bülbülün oxumasında ana dilinin saflığı, gözəl səsin aşıladığı estetik hissə hüsn-rəğbət ifadə olunursa, tutuquşunun timsalında isə başqa quşları və canlıları təqlid etməsi vurğulanır.

“Qonaqlıq” hekayəsi Məhəmməd Füzulinin məşhur “Meyvələrin söhbəti” alleqorik əsərindəki hadisələri xatırladır. Meyvələr də öz şirinliyi, ləzzəti, faydalılığı ilə bəhsə girirlər. Hekayədəki bəy, tacir, alim, ruhani, hərbçinin hər biri hökumətin sütunu olması ilə qürrələnir. Sonda sadə kəndli onlara belə cavab verir: “Ey ağalar, düzünü axtarsanız, hökumətin sütunu biz kəndlilərlə o qan-tər içində yük daşıyan fəhlələrdir. Biz əkməsək, biçməsək, onlar da işləməsə, heç bir hökumət yaşaya bilməz”.

S.S.Axundov nağıl-hekayələrində ədəbiyyatın böyük tərbiyəvi əhəmiyyətini əsas götürüb. “Qorxulu nağıllar” içərisində ən kamil hekayə olanQaraca qız” uşaqlara humanizm, dostluq və yoldaşlıq hissi aşılayır. Uşaqların daxili aləmi, onların mənəvi gözəlliyi, həyatı, insanlığı sevmək və qiymətləndirməyi bacarmaq qabiliyyəti burada daha mənalı verilib. Yazıçı Qaraca qızın simasında ədəbiyyatımızda ilk dəfə olaraq zəhmətkeş ailədən çıxan uşağın bitkin, parlaq surətini yaradıb.

Dramaturgiya sahəsində də qələmini sınayan S.S.Axundov “Laçın yuvası”, “Eşqintiqam”, “Şahsənəm və Gülpəri”, “Tamahkar”, “Bir eşqin nəticəsi” və s. pyeslərində satirik gülüşün ictimai məzmunu özünü büruzə verir. Müəllifin xüsusilə “Laçın yuvası”, “Eşqintiqam”, “Çərxi-fələk” və “Tamahkar” pyesləri teatrların repertuarını bəzəyib.

Akademik Məmməd Arif yazırdı: “Süleyman Sani, hər şeydən əvvəl, bir müəllim idi. Böyük mənada, ən hörmətli mənada müəllim idi. Onun bədii yaradıcılığı da, öz ilhamını bu müəllimlikdən alıb. O, bütün yaradıcılığında bir müəllim kimi oxucuları tərbiyə etməyə, onlara bilik, ibrət və mərifət verməyə çalışıb”.

Tanınmış yazıçı, dramaturq, pedaqoq Abdulla Şaiq müəllifin hekayələrini yüksək qiymətləndirib: “Mən onun əsərlərini, xüsusən uşaqlar üçün yazdığı hekayələri oxuyanda bir çox müasirlərindən fərqləndiyini gördüm. Onun dilində olduğu kimi, əsərlərinin tənqidindən çox nəsihətlə, müsbət həyat hadisələrini göstərməklə oxucusuna təsir etməyə çalışıb. Onun əsərlərində satira yox, lirika hakim idi”.

Azərbaycan ədəbi-maarifçi mühitində özünəməxsus yolu olan S.S.Axundov 29 mart 1939-cu ildə vəfat edib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 4 oktyabr.- S.7.